Ölkə futbolu

“Neftçi”nin adı həmişə bizi maksimum nəticələr üçün oynamağa vadar edir”

emil - Futbolinfo.az

“Müəyyən vaxta qədər rəqib oyunumuza və təzyiqimizə tab gətirirdi. Lakin 60-cı dəqiqədən sonra uşaqlar məşqçinin tapşırıqlarını daha yaxşı yerinə yetirə bildilər. Bu da qolları gətirdi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Emil Balayev deyib.

Qolkiper evdə “Şəfa”ya 4:1 hesablı qələbəni belə şərh edib:
*Premyer Liqanın debütantına qarşı oynayırdıq. Bilirdik ki, bizim üçün asan olmayacaq. Çünki “Şəfa” qapanacaqdı. Zaur Həşimovun işini qeyd etmək lazımdır. Yaxşı təşkil olunmuş komandadırlar. Özünüz də gördünüz ki, ilk hissə bizim üçün çətin keçdi. Yalnız uzaq məsafədən qol vura bildik. Fasilədən dərhal sonra qapımızda qol gördük. Hesab bərabərləşdikdən sonra üstünlüyü ələ aldıq. Lazımi qolları vurduq və yekunda qələbə qazandıq”.

Balayev komandanın qarşıdakı oyunlarından da danışıb. O, “ağ-qaralar”ın hər matçda maksimum nəticə qazanmağa çalışdığını qeyd edib:
“Neftçi”nin adı bizi həmişə maksimum nəticələr üçün oynamağa vadar edir. Ona görə biz istərdik ki, keçən tur da maksimum nəticə qazanaq. Lakin alınmadı. Mövsüm uzundur. Önümüzə baxmalıyıq. Səhvlərimizdən nəticə çıxmalı və oyunumuzu daha da yaxşılaşdırmalıyıq. İki turdan sonra milli fasiləsi var. Əslində, həm “İmişli”, həm də “Qəbələ” yaxşı komandadır. Gələn tur Yevlaxda oynayacağıq. Buna qədər cari mövsümdə süni ot örtüyündə meydana çıxmamışıq. Çalışacağıq ki, ilk növbədə Yevlax səfərində qələbə qazanaq. Komandamızın qarşısında öhdəliklər var. Onları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”.

“Dinamo” Minsk ilə oyunda zədələnməsinə baxmayaraq meydana davam edən Emil həmin an ağrını hiss etdiyini, lakin komandaya kömək etmək üçün oyunu davam etdirmək istədiyini bildirib:
“Karyeramda çox zədələr olub. Müəyyən zamandan sonra insan ağrılarla oynamağa alışır. Mən də həmin anda zədəni hiss etdim, amma fikirləşirdim ki, komandama meydanda yardımçı olum. Belə hallar tez-tez olur. İki il əvvəl “Kəpəz”lə oyunda öz müdafiəçimiz Mark Tamaşla toqquşmuşdum. Ondan sonra bir ay yaşıl meydanlardan uzaq qaldım. Elə xarakterim var ki, ağrılara öyrəncəliyəm. İstədim meydanda olum. Fasilədə gördüm ki, ağrılarım artır və buna görə də əvəzləndim”.

GÜNAY SÜLEYMANOVA

Shares: