“Qəbələ”nin müdafiəçisi Kouya Mabeanin futbolinfo.az saytına müsahibəsi
– “İmişli” üzərində 2:1 hesablı qələbə qazandınız. Matç barədə fikirləriniz necədir?
– Bütün komandanın çox yaxşı çıxış etdiyini deyə bilərəm. Çox çalışdıq. Bilirdik ki, turnir cədvəlində yüksəlmək üçün ilk qələbəmizi qazanmalı və yaxşı nəticələrin əsasını qoymalı idik. Oyuna çox köklənmişdik. İndi isə ayaqlarımızı yerə möhkəm basmalı və daha əzmlə çalışmağa davam etməliyik.
– Bu mövsümdə ilk qələbənizi qazandınız. Sizcə, bu uğuru davam etdirə biləcəksiniz?
– Əgər çox çalışsaq və birlikdə mübarizə aparmağa davam etsək, böyük işlər görə biləcəyimizə inanıram. Komandama böyük inamım var.
– Kaxaber Sxadadzenin komandadan ayrılmasından sonra qələbə qazandınız. Bu dəyişiklik oyununuzun nəticəsinə təsir etdimi?
– (cavab vermək istəmədi – red.)
– Azərbaycan Premyer Liqası barədə nə düşünürsünüz?
– Bu, yaxşı liqadır. Burada səviyyə kifayət qədər yüksəkdir və oyunlar çox mübarizəli keçir. Azərbaycan Premyer Liqasında oynamaqdan zövq alıram.
– Növbəti oyununuz səfərdə “Kəpəz”ə qarşı olacaq. Sizcə, bu matçda qələbə qazana bilərsiniz?
– Bildiyiniz kimi, biz hər oyuna ayrıca yanaşırıq və qarşılaşmaları bir-bir nəzərdən keçiririk. “Kəpəz”lə oyuna da qələbə üçün gedəcəyik və üç xal qazanmaq istəyirik. Hamımız bilirik ki, asan oyun olmayacaq. Amma bu, futbolçunun həyatının bir hissəsidir. Ona görə də üç xal üçün yenidən əlimizdən gələn hər şeyi etməliyik.
FƏRİD

