AFFA Hakimlər Komitəsi qarşıdakı “Qarabağ” – “Neftçi” derbisini gözlənilmədən Rəvan Həmzəzadəyə tapşırdı. Üç FİFA referisi deyil, digər ədalət təsmilçisinin oyunu idarə etməsi ilklə əlamətdar olacaq. Belə ki, Həmzəzadə ilk dəfə derbinin baş hakimi olmaq imkanı qazanıb. O, “Qarabağ” – “Neftçi” oyunları tarixində bu funksiyanı yerinə yetirəcək 29-cu hakimdi.

Burada mütləq rekord Fariz Yusifova məxsusdu. O, 13 derbi idarə edib. Lakin onun rekordunun tezliklə qırılması mümükündü. Əliyar Ağayev artıq 11 belə matça təyinat alıb ki, bu göstəricidə Xaqani Məmmədovla 2-ci yeri bölüşür.

Maraqlıdı ki, Rəvan hər iki komanda üçün uğursuz hakimdi. Həmzəzadə bu rəqiblərin hərəsinin bir matçına təyinat alıb və onlara qələbə qismət etməyib. “Qarabağ” 8-ci turda ağdamlıların “Səbail”i meydanda 1:0 yendiyini görsə də, sonradan çempionun protokol səhvinə görə texniki məğlubiyyət alacağı aşkarlandı. “Neftçi” isə ilk iki dövrə ərzində Həmzəzadəylə yolunun kəsişdiyi yeganə matçda qolsuz sülhə razılaşmışdı – 14-cü turun “Sumqayıt”la ev oyununda.

Bu komandaların ilk iki dövrədəki oyunlarını eyni hakim – Əliyar Ağayev idarə edib. Suraxanıda heç-heçə (1:1) qeydə alınmışdısa, 8-ci kilometrdə bakılılar 3:1 hesablı qələbəni bayram etmişdi.

“Qarabağ” ümumilikdə bu mövsüm 8 hakim görüb. Ən çox – 3 dəfə təyinat alan Əliyar Ağayev bütün nəticələrə şahid olubsa, Ramil Diniyev 2 qələbəni rəsmiləşdirən final fitini çalıb. İnqilab Məmmədov və Rəhim Həsənov 1 qələbə və 1 heç-heçə görüb, digər hakimlər ancaq rəqiblərin məyusluğunu seyr edib.

7 hakim görən “Neftçi” Rauf Cabbarova minnətdardı – 4 oyun, 4 qələbə. Rəhim Həsənov 2 qələbəylə yanaşı, 1 məğlubiyyətin final fitini çalıbsa, İnqilab Məmmədov 2 oyuna 4 xala şahidlik edib. Əliyarın göstəriciləri bəllidi, digər 2 hakim də “Neftçi”nin qələbəsinə şahid olub.

Shares: