Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublarımız iş başındadı. Şamaxıya yollanan “Keşlə”, Qəbələdə məskunlaşan “Qarabağ” və “Neftçi”nin ardınca “Sumqayıt” da hazırlığa başlayır.
“Kimyaçılar” digərləri ilə müqayisədə gecikib. Komanda yalnız bu gün Qəbələyə yollanmağa imkan tapıb. Ləngimənin səbəbi isə büdcəylə bağlı məsələlərin həllini gec tapmasıdı.
Əslində, klubda maliyyə baxımından ciddi irəliləyiş yoxdu. Avropa Liqasına yüksələn kluba sponsorlar büdcə artımını layiq bilməyib. Rəhbərlik yenə minimal şərtlərlə barışmalı olacaq. İndi əsas problem futbolçuları razı salmaq, ötənmövsümkü heyətin özəyini qorumaqdı.
Baş məşqçi Ayxan Abbasovla yeni müqavilə bağlanmasından sonra əsas problem Cəmaləddin Xocaniyazov, Peyman Babayi və Əmir Ağayevlə yeni anlaşmaların razılaşdırılmasıdı. Şəhriyar Əliyev (Keşlə) və Aleksey İsayevin (Sabah) gedişindən sonra digər aparıcı oyunçuları qorumağa çalışan sumqayıtlılar buna böyük ölçüdə nail olub. Yalnız adı çəkilən 3 futbolçu ilə bağlı problem qalıb və danışıqlar davam etdirilir.
Məhz bu futbolçularla bağlı məsələlər həllini tapdıqdan sonra “Sumqayıt” bəzi yeni transferlər edəcək. Lakin büdcə ciddi güclənməyə imkan vermir. Güman ki, həm avrokubokda, həm də yeni çempionatda “kimyaçılar” öz yetirmələrinə çox güvənməli olacaq. Elə Qəbələyə yollanan heyətdə də akdemiya yetirmələri çoxluq təşkil edir.