Milli komanda
AFFA-nın məcburi seçimi: TFF milli komandamıza Okan Buruku göndərir
Milli komandamızın yeni baş məşqçisinin türkiyəli olacağı dəqiqdi. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yalançı qardaşlıq missiyasını yerinə yetirməkdə israrlıdı. Buna şərait üzündən məcbur olan 14 ilin səriştəsiz məmuru Türkiyədə danışıqları davam etdirir.
Bir neçə türkiyəli məşqçiylə danışıq aparan AFFA rəsmiləri seçim edir. “Sumqayıt”ın meneser-prezidenti Riad Rəfiyevlə birlikdə təmasları davam etdirən Məmmədov Ərtuğrul Sağlam variantından vaz keçib. Bəzi siyasi səbəblərdən bu məşqçinin namizədliyi arxa plana atılıb.
Hazırda AFFA Türkiyə Futbol Federasiyasının (TFF) təklif etdiyi namizədlərlə təmaslara davam edir. TFF Okan Burukun müqaviləsi uzadılmayacaq Canni de Byazinin xələfi olmasını istəyir. Onlar Türkiyə millisinin baş məşqçisi olmağa namizəd sayılan, Stefan Kuntsun təyinatından sonra kənarda qalan sabiq “Qalatasaray”lının könlünü almaq üçün bizimkilərdən istifadə etmək niyyətindədi. Hazırda Okan Burukla 2+2 illik müqavilənin şərtləri müzakirə edilir.
1992-2010-cu illərdə Türkiyə millisində keçirdiyi 56 oyunda 8 qola imza atan sabiq yarımmüdafiəçi məşqçi karyerasına gənclər millisində başlayıb. Daha sonra əsas millidə və “Qalatasaray”da da yardımçı işləyən Okan “Elazığspor” (2013—2014), “Qaziantepspor” (2014—2015), “Sivasspor” (2015—2016), “Göztəpə” (2016—2017), “Akhisar Bələdiyyəspor” (2017—2018), “Rizəspor” (2018—2019) klublarında işləyib. Heç bir klubda ikinci ili görməyən Buruk “İstanbul Başakşəhər”i (2019-2021) çempion etməyi bacarıb.