Digər idman növləri
Alperen klub rekordunu təkrarladı
Türkiyəli basketbolçu Alperen Şengün “Hyuston Rokets” komandasının rekordunu təkrarlayıb. “Yuta Caz”la qarşılaşmada o, meydançada 42 dəqiqə olaraq 37 xal toplayıb. Bundan başqa o, 14 ribaund və 6 məhsuldar ötürmə edib.
Bununla da o, 21-ci əsrdə Ceyms Harden və Yao Minin etdiklərini təkrarlamağı bacarıb. Onlar da bir oyunda 37 xal, 14 ribaund və 6 asistlə “Hyuston Rokets”in tarixində yer almışdılar. Komandanın özü isə ardıcıl səfər məğlubiyyətlərindən sonra doğma arenada overtaymda vacib qələbə qazanıb – 127:126.
Gecə keçirilən oyunlar arasında ən məhsuldar basketbolu “Nyu-York Niks”dən Branson göstərib. O, “Toronto Reptors”la görüşdə 38 xal toplayıb. Amerika təmsilçisi 126:100 hesabı ilə qələbə qazanıb.
“Çikaqo Buls” da doğma arenada böyük hesabla qalib gəlib. Onlar “Memfis Qrizliz”i 125:96 hesabı ilə məğlub ediblər.
Digər oyunda lider “Minnesota Timbervulvs” məğlubiyyətlə üzləşib. Qərb konfransının lideri üzərində “Oklahoma Siti Tander” qələbə qazanıb.