Müsahibə
Bəxtiyar Vüsalın dönüşünə sevinir: “Klubsuz qalsaydım, təkliflər olacaqdı”
Azərbaycan milli komandasının və Türkiyənin “Tuzlaspor” klubunun müdafiəçisi Bəxtiyar Həsənalızadənin futbolinfo.az saytına müsahibəsi
– Türkiyə I Liqasının ilk dövrəsindəki çıxışınızı necə dəyərləndirirsiniz? Fasiləyə 16 xalla 16-cı pillədə yollandınız. Bu nəticə sizi qane edir, yoxsa düşünürsünüz ki, daha çox xal toplamaq olardı?
– Fikrimcə, daha yaxşı nəticə, daha çox xalımız ola bilərdi. Çempionata start yaxşı alınmadı. Toparlanmağımız vaxt aldı. İkinci dövrədə nəticələrimizin daha yaxşı olacağına ümid edirəm.
– Birinci dövrənin son oyununda səfərdə “Gənclərbirliyi” üzərində 2:0 hesablı qələbə qazandınız. Bu qalibiyyət ikinci dövrəyə uğurlu başlamaq üçün sizə əlavə motivasiya verəcək?
– Bəli, son qələbəmiz bizə əlavə motivasiya verdi. “Gəncbərliyi” üzərində vacib qalibiyyət əldə etdik. Heyf ki, bu görüşdən sonra çempionatda fasilə yarandı. Sizin də dediyiniz kimi, “Gənclərbirliyi” ilə oyundakı qələbə çempionatın ikinci dövrəsinə yaxşı başlamağımız üçün bizə ruh yüksəkliyi verəcək.
– İkinci dövrəyə “Corum” komandası ilə oyunla start verəcəksiniz. Bu görüşdə şansları necə qiymətləndirirsiniz?
– I Liqada demək olar ki, bütün komandalar arasında şanslar bərabərdir. Yalnız turnir cədvəlinə rəhbərlik edən “Eyüpspor” bir az seçilir. Ancaq digərləri arasında elə bir fərq görmürəm.
– Qış fasiləsində Türkiyənin başqa klublarından və ya digər ölkələrdən sizə təklif gəlib?
– Xeyr, təklif almamışam. Bunun da səbəbi “Tuzlaspor”la müqaviləmin davam etməsidir. Boşluq olsaydı, klubsuz qalsaydım, yəqin ki, təkliflər olacaqdı.
– Siz və Coşqun Diniyev kimi, Vüsal İsgəndərov da bundan sonra Türkiyə I Liqasında çıxış edəcək. Onun “Boluspor”a keçidini necə qarşıladınız?
– Buna sevindim. Əslində, Vüsal Albaniyaya getdiyi vaxt da onun Türkiyəyə gələcəyini düşünürdüm. Amma həmin vaxt Albaniyaya getməyi üstün tutdu. Orada uğurlu çıxış etdi. “Boluspor”a keçidi Türkiyəyə qayıtmaq baxımından gözlənilən idi.
– Necə düşünürsünüz, “Tuzlaspor” I Liqadakı yerini qoruya biləcək?
– Məqsədimiz də budur ki, I Liqada qalaq. Komanda olaraq bunun üçün çalışırıq. Meydanda əlimizdən gələni edirik. İkinci dövrədə də var gücümüzlə oynayacağıq ki, “Tuzlaspor” I Liqanı tərk etməsin.
– “Qəbələ”nin sabiq futbolçusu, sizinlə “Tuzlaspor”da birgə oynamış Ceyms Adeniyi klubdan ayrıldı. Onun gedişi komandaya necə təsir edəcək?
– Ceyms yaxşı futbolçudur, komandaya xeyir verirdi. Ön tərəfdə top saxlamağı bacarırdı. Təbii ki, onun gedişinin komandaya təsiri olacaq. Yerinə yaxşı futbolçu gəlsə belə, yeni transferrin adaptasiyası vaxt aparacaq.
– Türkiyə I Liqasında bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar hansılardır?
– Oyunlara çoxlu azarkeşin gəlməsi, stadionlardakı şərait bəyəndiyim məqamlardır. Bəyənmədiyim məqam demək olar ki, yoxdur. Buraya gələndən yüksək səviyyəli matçların iştirakçısı və şahidi olmuşam.
ABBAS