Ölkə futbolu
Favoritlərin günü
“Səbail” yenə sonuncu pilləyə düşdü. Ardıcıl iki səfər oyununda qeydə alınan böyükhesablı məğlubiyyətlər Şahin Diniyevin hələ çox iş görməsinin gərəkdiyini göstərir. Düzdür, komanda ev oyunlarında qazandığı qələbələr sayəsində əsas rəqiblərindən geri qalmır. Lakin sabitlik əldə olunmayınca rahat nəfəs almaq mümkün olmayacaq.
“Neftçi”nin ən böyük üstünlüyü zəif rəqiblərlə matçlarda az büdrəməsidir. Məhz bunun sayəsində “ağ-qaralar” ilk “üçlük”dəki yerini indidən təmin edib. Bununla belə, Laurentsiu Regekampfın yetirmələrinin parlaq oyunundan danışa bilməyəcəyik. Bəlkə “Səbail”lə matçlarda rəqibin hədiyyə iki penalti olmasaydı, qələbə bu qədər asan qazanılmayacaqdı. Nəticələr öz yerində, ama “Neftçi” oyununu qaydasına salmalıdır. Əks halda, kuboku qazanmaq çətin olacaq.
Turun dünən baş tutan digər oyununda da favorit qalib gəldi. “Qəbələ” 6 oyunluq qələbəsiz seriyadan sonra “Sumqayıt”ı təslim etməyi bacardı. Baxmayaraq ki, qonaqlar ilk hissədə daha fəal görünürdü, iki dəfə dirəyi nişan almışdılar.
Elmar Baxşıyevin yetirmələrinin hücum potensialındakı üstünlüyü ardıcıl iki qol vurmağa yetdi. Fasilədə n sonra təşəbbüsü ələ alan meydan sahibləri hətta darmadağına da nail ola bilərdi. Lakin bir fərdi səhvlə bir anda matçın gedişi dəyişdi. Səlahət Ağayevlə anlaşılmazlıqdan sonra İsnik Alimimn topu öz qapısına göndərməsi “kimyaçılar”a cəsarət verdi. Bu üzdən matçın sonluğu gərgin alındı.
Sonda sürpriz reallaşmadı. Nəticə hər iki komandanı olduğu mövqedə saxladı. “Sumqayıt” qalan oyunlarda son pilləyə düşməməyin hesablarını aparacaq, “Qəbələ” isə 4-cü pillə ümidlərini qovacaq.
AĞA