Müsahibə
“Gələcək haqda heç nə danışılmır” – Rauf Əliyev
“Səbail”in hücumçusu Rauf Əliyevin futbolinfo.az-a müsahibəsi
– Karantin günləriniz necə keçir?
– Daim evdə oluram, arada marketə getmək üçün çıxıram. Uşaqlarla, telefonla oynayaraq baş qatırıq. Məşqə gəlincə, evdə şərait var və məşq edirəm. Bu baxımdan problem olmur. Formada qalmağa çalışıram.
– Dünyada bir çox klublar məşqə başlayıb. Səncə, yaxında Azərbaycan klubları da yaşıl meydanlara dönə biləcək?
– Məncə, bizdə də tez bir vaxtda bu baş verə bilər. Getdikcə həyat normal vəziyyətə qayıdır. Fikrimcə, həmin günlər elə də uzaqda deyil.
– Çempionat oyunlarına hazır olmaq üçün nə qədər zaman ehtiyac olacaq?
– Ən azı 2 həftə lazımdır. Bu müddətdə futbolçular çempionata normal hazırlaşacaqlar. Ondan sonra oyunlara çıxmaq olar.
– Maddi cəhətdən klubların hansısa ziyan görəcəyini düşünürsən?
– Bunu zaman göstərəcək. İndidən nəsə demək çətindir.
– Klub rəhbərliyi və ya məşqçilər sizinlə hər hansı söhbət edirlər?
– Əlbəttə ki, daim əlaqədəyik. Onlayn məşqlər keçirilir. Sadəcə gələcək haqda danışılmır. Çünki heç kim bilmir ki, vəziyyət necə olacaq.
AĞA