Ölkə futbolu
Gəncə stadionu ev matçına hazırlaşır: yalnız oturacaqlar dəyişdirilir – VİDEO
“Kəpəz” Premyer Liqa matçlarını Gəncədə keçirmək üçün Peşəkar Futbol Liqasına müraciət edib. Qurum müsbət cavab versə, Qərb təmsilçisi “Neftçi”ylə matçdan başlayaraq ev oyunlarını doğma şəhərdə keçirəcək.
Amma PFL-in müsbət cavab verməsi bir o qədər asan deyil. Fövqəladə Hallar Nazirliyinin təhlükəsizliklə bağlı rəyi dəyişdirilsə də, faktiki stadionda təmir işləri aparılmayıb. Ona görə də qurum insan sağlamlığını riskə atmaq istəmir və ciddi yoxlamalar reallaşacaq.
Stadionda olan əməkdaşımız mövcud durumla maraqlanıb. Təəssüf ki, hazırda ciddi yox, kosmetik işlər görülür. Hələlik stadionda olan köhnə oturacaqlar sökülür, yeniləri ilə əvəz olunur. Və bu işlər yalnız birinci yarusda reallaşır. 5000-ə qədər azarkeşin stadionun bu hissəsinə buraxılması planlaşdırılır.
Tribunanın yararsız sütunları ilə bağlı heç bir tədbir görülməyib. Gənclər və idman naziri stadionda olarkən vəziyyətlə tanış olub, arenanın ciddi təmirə ehtiyac duymasına şahid olub. Lakin lazımi maliyyə vəsaiti ayrılmadığından, gəncəlilər çıxış yolunu birinci yarusda oturacaqları dəyişib azarkeşləri məhz bu sektorlara buraxmaqla həll etməyə çalışır.
İndi riskli qərarı vermək PFL-in öhdəsindədi.
BƏHRUZ MUSAYEV, Gəncə