Layihə
“İndiki uşaqlarda futbola sevgi yoxdur”

Gəncə Futbol Akademiyasının koordinatoru İlham Səmədovun futbolinfo.az saytına müsahibəsi
– Akademiyada hazırda vəziyyət nə yerdədir?
– Akademiyada ümumilikdə 11 yaş qrupu var ki, onlardan biri U-12 qızlar komandasıdır. 9-dan 19-a qədər – U-18 istisna olmaqla – bütün yaş qruplarında çıxış edən komandalarımız fəaliyyət göstərir. 9-14 arası yaş qrupları AFFA-nın təşkil elədiyi çempionatlarda mübarizə aparır. U-15 də daxil olmaqla yuxarı yaş qrupu komandalarımız ev-səfər prinsipi ilə oyunlar keçirirlər. Yuxarı yaş qruplarının hər birində 25-dən çox uşaq var. Aşağı yaş qruplarında isə 20 yeniyetmə futbolun sirlərini öyrənir.
– Uşaqların səviyyəsi sizi qane edir?
– Aşağı yaş qrupu üzrə komandalarımız çox yaxşıdır, iştirak etdikləri çempionatda zonanın lideridirlər. Amma 15 yaşdan yuxarıdakılarla bağlı itkilərimiz çox olur. Xüsusən də əsgərlik yaşlarına çatanda onları saxlamaqda çətinlik çəkirik. Bəzilərini isə başqa akademiyalar götürürlər. Əvvəlki ilə müqayisədə indi vəziyyət nisbətən yaxşıdır. İstər ev, istərsə də səfər matçları zamanı rəhbərlik komandanı hər şeylə yüksək səviyyədə təmin edir. Ancaq tam ürəyimizcə deyil.
– Hazırda Gəncədə akademiyanın tikintisi gedir, AFFA-nın baş katibi Sərxan Hacıyev də bugünlərdə orada oldu. Akademiya nəvaxtdan sərəncamınızda olacaq?
– Akademiyaya özüm mütəmadi gedir, şəraitə baxıram. İki-üç yaş qrupumuzu ekskursiya kimi aparıb oranı gəzdirmək istəyirəm. Valideynlər də şəraitlə tanış olsunlar.
– Məşq üçün meydançalarla bağlı problem yaşamırsınız?
– Əlbəttə ki, yaşayırıq. AFFA məşq üçün iki meydança tikib, təbii örtüklüdür. Bir süni, bir də kiçik meydançamız var. 9-11 arası yaş qruplarımız həmin kiçik meydançada hazırlaşırlar. Yuxarı yaş qrupları, əvəzedici heyət və əsas komanda qalır. Məşq saatlarını komandalar bir-birləri ilə tənzimləyirlər. Meydanla bağlı çox əziyyət çəkirik. Xüsusən də əsas komanda gündə iki dəfə məşq keçəndə akademiyanın kollektivləri problemlə üzləşirlər. İşıqlandırma sistemi olsa, işimiz daha rahat gedər.
– Əksər akademiya məşqçiləri süni meydançaların çoxluğundan şikayətlənirlər. Siz də bundan narazısınız?
– Elə biz də şikayət edirik. Əvəzedici heyətimiz dünən “Zaqatala” ilə yoxlama görüşü keçirdi, 2-3 nəfər zədə aldı. Uşaqlar daha çox diz zədəsi alırlar. Uşaqların yedikləri yemək oynaqları lazımi səviyyədə qidalandırmır. Bir tərəfdən soyuq, bir tərəfdən də süni meydançada hazırlaşmaq zədə ehtimalını artırır. Mən də istərdim ki, təbii meydançaları akademiyanın ixtiyarına versinlər. Ancaq vəziyyətlə əlaqədar süni meydançalara üstünlük verilir. Çünki bir dəfə salınır, daha sonra əlavə xərcə ehtiyac qalmır.
– Həm meydançanın az olması, həm də qidalanmanın istədiyiniz səviyyədə təmin edilməməsi ilə bağlı rəhbərliklə söhbətləriniz olur?
– Tez-tez söhbətlərimiz olur. Yalnız oyun ərəfəsində uşaqları lazımi qidalarla təmin edə bilirik. Ancaq müntəzəm həyatda qidalarına nəzarət etmək mümkün olmur. Rəhbərlik maksimum çalışır ki, yola çıxanda uşaqları həkim nəzarətindən keçən qidalarla təmin etsin.
– Akademiyanın komandaları səfərlər zamanı nəqliyyat problemi ilə üzləşmirlər?
– Xeyr, Gəncədə avtobusların sahibi olan bir nəfərlə müqaviləmiz var. Ona həftəlik oyun qrafikini yazıram. Nəqliyyatla bağlı problemimiz olmur.
– Vaxtilə Gəncədən ölkə səviyyəsinə görə saysız-hesabsız yaxşı futbolçular çıxıb. Son illər bunun şahidi olmamağımız nədən qaynaqlanır?

– Bu yaxınlarda Qurban Qurbanovun bir müsahibəsini oxudum. O deyir ki, hamı bu gün stadiondan, invertardan, şəraitsizlikdən narazılıq edir, ancaq reallıqda insana ürək lazımdır. Seçdiyin sənəti sevməlisən. Vaxtilə Mahmud Qurbanov, Xaliq Mərdanov, Azər Məmmədov kimi şəxslər futbolu ürəkdən seviblər. İndiki uşaqlarda futbola sevgi, həmin ürək yoxdur. Bilmirəm bu, internetlə, dövrlə, telefonla əlaqədardır. Bizim dövrdə futbolçular individual şəkildə də öz üzərlərində işləyirdilər. Bilmirsən uşağın telefona aludəçilik problemini həll edəsən, bilmirsən məktəb problemi ilə məşğul olasan. Acınacaqlı vəziyyətə gəlib çıxmışıq.
– Valideynlərlə bu baxımdan söhbətlər aparılmır? Onların bunlara reaksiyası necədir?
– Mən özüm də valideynəm. Valideyn uşağı məşqə gətirib-aparmağa vaxt sərf edir, qidasını yaxşı təmin etməyə çalışır. Bir növ uşağa pul yatırır və qarşılığını gözləyir. Amma hər şey planlı şəkildə olmalıdır. Yaxşı valideyn məşqçinin köməkçisidir. Uşağın xarakterini valideynlə məşqçi bir yerdə formalaşdıra bilər. Valideynlər kömək etsələr, çox şeyə nail olarıq. Bəzən müəllim uşağı danlayır və ya fərqli mövqedə oynadır. İnanın ki, valideynlər gəlib bunlara da qarışırlar. Uşağın yolunda xərclədiyin pulun qarşılığını almaq üçün səbirlə gözləmək lazımdır. Gəlirlər ki, mənim oğlum niyə ehtiyatda oturdu? Yaxşı valideynlər də çoxdur.
– “Kəpəz”in Premyer Liqaya dönüşündən sonra Gəncədə istər uşaqların, istərsə də valideynlərin futbola marağında bir dəyişiklik oldumu?
– Üç ildir ki, koordinator kimi çalışıram. Əvvəlcə pandemiya ilə bağlı problem yaşadıq. Ötən mövsüm Birinci Divizionda çıxış edəndə mənə zənglər gəlirdi, maraqlananlar olurdu. Amma əsas komanda Premyer Liqaya yüksələndən sonra fərq həddən artıq böyükdür. Hər gələn istedadlı olmasa da, onu yoxlayırıq.
– Yaxın rayonlardan gələn uşaqlar var?

– Əhatəmiz böyükdür. Samux, Şəmkir, Göygöl, Gədəbəy, Daşkəsən kimi yaxın ərazilərdə seleksiya işləri görmək istəyirik. Təkcə Gəncənin özündə 44 orta məktəb var. Hər məktəbdən də xeyli oyunçumuz var. Martdan etibarən seleksiya işlərini planlı şəkildə görəcəyik. Göygöl, Şəmkir və Samuxdan gələnlər var. Valideynləri uşaqlarını məşqə gətirib-aparırlar. Düşünürəm ki, akademiyamız hazır olandan sonra orada çox uşağımız olacaq. İstedadlı oyunçuların qalması üçün də şərait yaradılacaq. Hər yaş qrupuna qonşu rayonlardan 6-7 istedadlı uşaq cəlb etmək istəyirik ki, yaxşı effekt versin. Hədəfimiz odur ki, “Kəpəz”in komandaları digərlərinə qarşı yaxşı müqavimət göstərsinlər. Ürəyimiz, istəyimiz olsa, “Kəpəz”i Avropa səviyyəli kluba çevirə bilərik.
– Bu seleksiya işləri üçün məşqçi sayınız kifayətdir?
– Qızlarımızın seleksiya üzrə məşqçisi var. Samuxa da bir seleksiyaçı təyin etdik. Onları və personalları çıxsaq, Gəncənin özündə 22-23 məşqçimiz var. Onların da AFFA-nın təşkil etdiyi kurslara qatılmalarına çalışırıq. Bir işdə uğur qazanmaq üçün məşqçilər də öz üzərlərində işləməlidirlər. Bunun üçün də ilk növbədə futbol savadı tələb olunur.
– Əsas komandanın baş məşqçisi Tərlan Əhmədov “Kəpəz”də gəncəlilərin çoxluq təşkil etməsini istədiyini bildirib. Əvəzedici heyətdə “Kəpəz”i gücləndirəcək səviyyədə oyunçular var?
– Hər məşqçinin bir fəlsəfəsi var. Şəxsən mənim fikrimcə, əvəzedici heyətdə olan Nemət Musayev, Cavad Kərimov, Ümid Səmədov, Nicat Verdiyev kimi oyunçular əsas kollektivə kömək ola bilərlər. Gəncə futbolunun gələcəyinə ümidlə baxmaq olar. Martın gəlməsini hamıdan çox mən arzulayıram ki, akademiya tam hazır olsun. Ondan sonra daha istedadlı uşaqlar üzə çıxaracağıq. Bakı, Qəbələ, Sumqayıt kimi şəhərlərlə ayaqlaşmaq üçün bu şəraitin yaradılması çox vacibdir ki, əlimizdəki uşaqlar başqa yerlərə qaçmasınlar.
ABBAS
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

