Digər idman növləri
Meriç “Sabah”la oyunda sürpriz vəd etdi
“Gəncə” basketbol klubu üçün bayram fasiləsi başa çatıb. Komandanın legioner və yerli üzvləri bir-birinin ardınca Nizami yurduna dönür. “Sarı-göylər” kollektiv şəkildə hazırlığa yanvarın 8-də start verəcəklər.
Gəncəyə ilk qayıdanlar sırasında klubun baş məşqçisi Bedri Meriç də var. Komandanın ilk dövrədəki çıxışını dəyərləndirən türkiyəli mütəxəssis heyətdə dəyişikliyin olmadığını qeyd edib. “Gəncə” ilk dövrəni 12 xalla 8-ci pillədə başa vurub. Komandanın ikinci dövrədəki ilk rəqibi turnir cədvəlinin lideri “Sabah” olacaq.
Baş məşqçi ev oyununda qələbə qazanaraq azarkeşlərə bayram hədiyyəsi edəcəklərinə söz verib: “İlk yarıda ilk 4 matça hazırlıqsız başlamışdıq. Hazırlıq matçı keçirməmişdik və bunun mənfi nəticəsini gördük. O zaman güclü rəqiblərlə qarşılaşmışdıq və bizim üçün çətin olmuşdu. Ondan sonra oynadığımız 6 matçda çox yaxşı çıxış etdik, üçünü qazandıq. Yaxşı mübarizə aparırıq. Komandanın üzvləri də artıq bir-birlərinə alışdılar. 14 yanvarda ilk matçımızı “Sabah”a qarşı öz meydanımızda oynayacağıq. “Sabah” hazırda liqanın ən yaxşı büdcəyə malik olan güclü komandalarındandır. Hazırda liderdilər. Biz də onlara sürpriz hazırlamaq istəyirik. Oyun öncəsi bir həftə gərgin məşqlərimiz olacaq. Düşünürəm ki, tətildən sonra azarkeşlərimizə bir qələbə hədiyyəsi olacaq”.
BƏHRUZ MUSAYEV