Ölkə futbolu
“Neftçi”dən ayrılan hücumçunun qiyməti 6 milyon avrodur
“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya çətin ki, hazırkı klubu “Partizan”da uzun müddət qala bilsin.
Futbolinfo.az xəbər verir ki, Serbiya komandasının heyətində məhsuldarlıq nümayiş etdirən brazliyalı hücumçu Türkiyədən sonra Rusiya klublarının da maraq dairəsinə düşüb. Artıq bir neçə Premyer Liqa təmsilçisinin 24 yaşlı forvard üçün serblərlə danışıq apardığı bildirilir.
Saldanya bu ilin yayında gözlənilmədən icarə ilə formasını geyindiyi “Neftçi”dən ayrılmaq qərarına gəlmişdi. Həmin vaxt “Partizan”ın Yaponiyanın “Jef Yunayted” klubundan 1,3 milyon avroya transfer etdiyi hücumçunun dəyəri təxminən 4 dəfədən də çox artıb. Serbiya təmsilçisi indi forvardının keçidindən minimum 6 milyon avro qazanc əldə etməyi planlaşdırır. Təklif çox olarsa, “Partizan” məbləği 10 milyona qədər qaldıra bilər.
Qeyd edək ki, Mateus Saldanya bu ilin ilk 6 ayını icarə əsasında “Neftçi”də keçirib. Onun müqaviləsi dekabradək nəzərdə tutulmuşdu, lakin mövsüm başlamamış Bakı klubunu tərk etdi.