Dünya futbolu
Potter zaman istəyir: “Bu qədər dəstək almaq üçün çox şey etməmişəm”
Qrem Potter “Çelsi”ni bütün hədəflərdən uzaqlaşdırmağa davam edir. Onun baş məşqçisi olduğu komanda dünən “Tottenhem”ə uduzmaqla vəziyyətini bir qədər də pisləşdirdi.
Futbolinfo.az xəbər verir ki, London klubunun qışda transfer rekordu qıraraq heyəti gücləndirməsinə baxmayaraq, nəticələr yaxşılaşmır. Bu isə məşqçini hədəfə gətirir, amma hər dəfə də rəhbərlik ona güvəndiyini açıqlayır.
Potter son matçdan sonrakı mətbuat konfransında vəziyyəti anladığını bildirib, eyni zamanda uğursuzluğa səbəblər göstərməyə çalışıb: “Vəziyyətin fərqindəyəm, uğursuzluğu qəbul edirəm. Lakin səbr etmək lazımdır, yeni oyunçular heyətə tam uyğunaşmalıdır. Bir il öncə Mikel Arteta pis nəticələr üzündən qovulmaq ərəfəsindəydi, lakin rəhbərlik səbr etdi və indi “Arsenal” çempionluğa əsas namizəddir”.
Potter istənilən qərarla razılaşacağını bildirib: “Klubda bu qədər dəstək almaq üçün çox şey etməmişəm. Amma hər şeyin yaxşı olacağına əminəm. Bizə özümüzə gəlmək üçün bir qədər zaman lazımdır”.