Müsahibə
“Qəbələ”də VAR üsyanı: “Hakimlər niyə penaltimizi vermədi?”
“Ən yaxşı oyununumuzu oynamadığımız üçün məyusuq. Çox şey biz istədiyimiz kimi getmədi” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu İsnik Alimi deyib.
O, Misli Premyer Liqasının 4-cü turunda evdə “Sabah”a 0:2 hesablı məğlubiyyətdən danışıb: “Bizim yaxşı günümüz deyildi. Mən bilirəm ki, komandamız daha yaxşısını bacarır. Xüsusən ikinci hissə barədə danışaram. Çünki biz ikinci yarıya yaxşı başlamadıq”.
Alimi 3 qələbədən sonra bu məğlubiyyətin komandaya pis təsir edib-etməyəcəyi barədə də fikirlərini bildirib: “Biz mövsümdə ardıcıl 4 qələbə qazanmışdıq. Konfransa Liqasında “Fehervar”ı evdə 2:1 hesabı ilə məğlub etmişdik. Ardından çempionatın 3 turunda qalib gəlmişdik. Amma biz hər məğlubiyyətdən dərs alırıq. Analiz edib səhvlərimiz üzərində çalışırıq. Fikrimcə, biz bundan sonra daha da güclü olacağıq. Mövsüm uzundur. Geridə qalan oyun haqqında düşünməməliyik. Çünki 6 gün sonra daha vacib matç var”.
Albaniyalı yarımmüdafiəçi “Sabah”ın qapısına təyin edilməyən penaltidən danışıb: “Oyundan sonra epizoda bir də baxdıq. Bu, 100 faizlik penalti idi. Mən bilmirəm ki, hakim niyə penaltini vermədi? Əgər videoya baxsanız, görərsiniz ki, top 100 faiz ələ dəyir. Hakimlə heç danışmadım. Amma oyunda VAR sistemi var. Niyə VAR-da oturan hakimlər demədi ki, bu, penaltidir? Videoya baxanda əllə oyunu görməmək mümkün deyil”.
Təcrübəli futbolçu komandasının qarşıdakı ağır qrafikindən söz açıb: “Əlbəttə ki, bizi qarşıda çətin oyunlar gözləyir. “Zirə”, ardınca “Neftçi” ilə oyunlar var. Amma biz komandamıza inanırıq. Hər bir rəqibdən xal alacaq gücdəyik. Çox çətin olacaq, amma qələbə üçün oynayacağıq. Bu mövsüm ötən mövsümkündən daha yaxşı nəticə əldə edə bilərik”.
ABBAS