Ölkə futbolu
“Qəbələ”nin yeni forması fərqli dizaynda olacaq
Başı komandadan gedən futbolçularla bağlı problemlərə qarışan “Qəbələ” digər məsələlərdə də yubanır. Belə ki, komandanın yeni mövsümdə geyəcəyi formalar hələ də hazır deyil.
Futbolinfo.az hələ iyunun 12-də bölgə təmsilçisinin yeni şirkətlə anlaşdığını xəbər vermişdi. Əldə etdiyimiz bilgiyə görə, “Qəbələ” yeni sponsorluq müqaviləsi imzalamalıydı. “Qırmızı qaralar” ABŞ-ın “Capelli Sport” şirkəti ilə anlaşıb. “Capelli Sport” “Qəbələ”ni növbəti mövsümdən etibarən geyimlərlə təmin edəcək.
Xeyli müddət keçsə də nə təqdimat olub, nə də ümumiyyətlə, əməkdaşlıq haqda müqavilə rəsmiləşməyib. Amma xəbərdə hər hansı yanlışlıq yoxdur. Bu gün klubdan həqiqətən belə bir planın olduğunu təsdiqlədilər. Sadəcə, formalar özəl dizaynla hazırlanacağından, Qəbələnin simvollarını özündə əks etdirəcəyindən qismən gecikmə baş verir. Komandanın Boludakı təlim-məşq toplanışında artıq yeni geyimlər “Qəbələ”nin ixtyarında olacaq. Daha sonra müqavilə imzalanması və təqdimat reallaşacaq.
Qeyd edək ki, “Qəbələ” bugünə qədər “Joma” şirkətinin formalarından istifadə edirdi.