Ölkə futbolu
Rayon rəhbərliyi işə qarışdı, Tovuzda problemlər çözüldü
“Turan Tovuz”da vəziyyət sabitləşir. Maliyyə problemləri həll olunmayan, hələ də AFFA-dan gələcək maliyyə yardımının yolunu gözləyən klubda durum dəyişib. Rayon rəhbərliyi yardım ayrılanadək durğunluğun yaranmaması, mövsümöncəsi cari məsələlərin həlli üçün kluba dayaq durmağı lazım bilib.
Komanda toplanışın ikinci mərhələsini Tovuzda keçirib. Hazırlığı yekunlaşdıran qərblilər bu gün Şamaxıya yollanır. Bu şəhərdə Premyer Liqanın digər iştirakçısı olan yerli komandayla sınaq matçından sonra qısamüddətli istirahət olacaq. Ayxan Abbasov daha sonra yetirmələrini ölkə xaricinə aparmaq istəyir. Güman ki, sınaq matçlarının reallaşacağı son mərhələ Gürcüstanda baş tutacaq.
Komandanın baş məşqçisi Ayxan Abbasov dünən qol.az-a açıqlamasında müəyyən problemlərin olduğunu etiraf edib: “Düzünü danışmaq lazımdır. 9 ildən sonra Premyer Liqaya qayıdan klubda hər şey yenidən qurulur. Bu çətinliklər bizi gözləyir. Amma Tovuz rəhbərliyi sağ olsun, icra başçısı bizi şəxsən qəbul etdi. Bizə lazım olan dəstək verildi. Formamız da sifariş olunub. İcra başçısı Məmməd Məmmədov qəbul zamanı mənə bildirdi ki, hansı köməklik lazımdırsa, edək. Dövlət tərəfindən ayrılan vəsait avqust, yaxud da növbəti ayda köçürüləcək. Ona qədər isə Tovuz Rayon İcra Hakimiyyəti lazım olan köməyi edəcək”.
Abbasov komandanın təlim-məşq toplanışı üçün Gürcüstana gözlənilən səfərinin də yaxın vaxtlarda gerçəkləşəcəyinə ümid etdiyini bildirib: “Bizdə hər şey hazırdır. Sadəcə, quru sərhədlərinin bağlı olması bir az çətinlik yaradır. Yenə də o yöndə iş gedir. Çalışacağıq ki, Bakıdan təyyarə ilə toplanışa gedək. Heyətimiz çox kasaddır. Bunu bilirik və çalışırıq ki, büdcəmizə uyğun transferlər edək. Baxdığımız, danışıq apardığmız futbolçular var. Nurlan Novruzov və Sadiq Quliyev də komanda ilə birgədir. “Şamaxı” ilə yoxlama oyunundan sonra onlar haqqında da qərarımızı verəcəyik”.
İstənilən halda, Tovuzda problemlərin həll olunması müsbət haldı. Cari məsələlərin vaxtında yoluna qoyulması yəqin ki, komandanın hazırlığına yaxşı təsir göstərəcək və komanda da rayonu daha layiqli təmsil edəcək. Bunun üçün yaxşı təməl qoyulur, işlər qaydasına düşür, qalır lazımi dəstəklə ümumi işə birlikdə töhfə vermək.
FƏRİD
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…