Ölkə futbolu
Sərgən, Arveladze, Karaman – “Neftçi” seçim edə bilmir
“Neftçi”də baş məşqçi problemi hələ də həllini tapmayıb. Sərgən Yalçınla danışıqlar uzanır, rəhbərlik qərar verə blmir. Laurentsiu Regekampfın istefaya göndərildiyini nəzərə alsaq, artıq toplanışa başlamış komandaya yeni təyinat olmalıdır.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, əvəzedici heyətin baş məşqçisi Rəşad Abdullayevə əsas komandaya müvəqqəti rəhbərlik etmək tapşırılıb. Lakin ötən yay da eyni işi görən gənc mütəxəssis bu dəfə təklifdən boyun qaçırıb.
“Neftçi” rəsmilərinin Sərgənlə anlaşması hələ də mümkündür. Amma büdcənin türkiyəli çalışdırıcının istəyi ilə həddindən artıq böyüdülməsi riskini onlar da anlayır. Bu səbəbdən cavab gözləyən Yalçın gözlədilir, digər variantlar axtarılır. Artıq mətbuatda Şota Arveladze və Hikmət Karamanın namizədliyi barədə iddialar ortaya çıxıb.
Arveladzenin qardaşı oğlu Vato dünən komandadan göndərilib. Heç cür heyətə düşə bilməyən futbolçu “dostlar”ın xahişi ilə “Neftçi”yə götürülmüşdü. İndi həmn “dostlar” Şota variantını ortaya atıblar.
“Neftçi” Karamanla müqavilə bağlasa, ilk baxışdan Sərgən iddiasından bu qədər alt səviyyəyə enmək kimi görünəcək. Lakin düzünə qalsa, Hikmət bəyin təyinatı “Neftçi” üçün Sərgəndən daha uğurlu variant olardı. Bir yanda yalnız qiymət artıran, yalnız adı olan Yalçın, digər yanda məhdud büdcəylə çalışmağa adət etmiş orta səviyyəli türkiyəli mütəxəssis. Mövcud imkanlarla qane olmaq və bacarıq baxımından Karaman Sərgəndən daha faydalıdır.
Lakin hələ qərar verilməyib. “Neftçi” hər nə qədər digər variantlara diqqət yetirsə də, Sərgən Yalçınla danışıqlar dayanmayıb. Türkiyəli mütəxəssis üçün xüsusi təyyarə tutulması, onun təmtəraqla gətirilməsi, danışıqlar aparılması sonda heç nə olmayıbmış kimi bitə bilməz. Lakin “Neftçi” həm də yubanır. Həm də çox…