Dünya futbolu
Sane – Mane davası
“Bayern”in futbolçuları – Sadio Mane və Leroy Sane Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”yə böyük hesabla məğlub olduqları ilk oyundan (0:3) sonra dalaşıb. Bu barədə “Bild” məlumat yayıb.
Seneqallı hücumçu və alman yarımmüdafiəçi paltardəyişmə otağında dava edib. Onlar bir-biri ilə yumruqlaşıb, komanda yoldaşlarının səyi ilə qalmaqala son qoyulub.
Münaqişənin səbəbi Manenin komanda yoldaşını təhqir etməsi, daha sonra vurması olub. Sane seneqallının iradları ilə razılaşmadığından onlar əlbəyaxa olub.
Sane daha öncə də belə qalmaqal yaratmış, sabiq baş məşqçi Yulian Naqelsmannın qovulmasına səbəb olan olaylar yaşanmışdı. Tomas Tuhel isə belə olayları bağışlamır. Alman mütəxəssisin rəhbərlikdən hər iki oyunçunu cəzalandırmalarını tələb etdiyi deyilir.