Ölkə futbolu
“Seltik” Zubirin transferində israr edir
Şotlandiya klubu “Seltik” “Qarabağ”ın futbolçusu Abdullah Zubirin transferində israrlıdır.
Futbolinfo.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, Qlazqo təmsilçisi fransalı yarımmüdafiəçinin keçidi uğrunda mübarizədə favorit sayılır.
32 yaşlı oyunçunun Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə Portuqaliyadakı oyunda göstərdiyi performans “Seltik”in baş məşqçisi Brendan Rocersin diqqətini çəkib. Düzdür, Zubir “Seltik” üçün ulduz və ya azarkeşləri valeh edəcək futbolçu sayılmır. Ancaq məşqçilər korpusunun fikrincə, onun heyətdə yer alması hücumçu Yanq Hun-Yunun məhsuldarlığını artırmasına xidmət edə bilər.
“Seltik”in rəqibləri “Auqsburq” və adı açıqlanmayan Fransa klubu sayılır. Nəşr hesab edir ki, Zubir 6 illik “Qarabağ” macərasının ardından mövsümün sonunda komandasını dəyişmək istəyə bilər. Onun azad agent statusu daşıması isə klubları daha da həvəsləndirir.
Qeyd edək ki, “Braqa” ilə görüşdə 2 qol, 1 assistlə “Qarabağ”ın 4:2 hesablı qələbəsinin memarı olan Abdullah Zubir Avropa Liqasında həftənin oyunçusu seçilib.