Ölkə kuboku
Seydiyev “Qəbələ”dən titulla ayrılmaq istəyir: “Çətin olacaq”
“Koronavirus pandemiyasına görə yaranan fasilədə bacardığım qədər məşq edirəm. Parklarda formadan düşməmək üçün çalışırdım. Ümid edirəm ki, mövsümün davamı başlayana qədər formamı saxlayacam”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Amin Seydiyev deyib.
O, çempionatın başlamasına ümidli olduğunu bildirib: “Ümidim var ki, çempionat başlayacaq. Çünki futbolsuz qalmaq mümkünsüzdür. Tezliklə meydanlara çıxmaq arzusundayam. Hamı işini sevdiyi kimi mən də futbolu sevirəm və oynamaq istəyirəm. Düzdür, çempionat başlasa, çətinliklər olacaq. Havalar isti keçəcək və oynamaq çətinləşəcək. Amma əlimizdən gələni edəcəyik ki, hər şey əvvəlki kimi olsun”.
Gənc müdafiəçi “Qəbələ” avrokubok şanslarından da söz açıb: “Hələ ki, avrokubok şansımız var. Həm çempionatda, həm də kubokda oynayacağıq. Ümid edirəm ki, kubokda finala çıxa biləcəyik. Premyer Liqada da yaxşı yer tutmaq istəyirik”.
Seydiyev mövsüm bitdikdən sonra “Sabah” klubuna keçəcək. O, “Qəbələ”dən ayrılmasından, yetişdiyi klubu tərk etməsindən danışıb: “Yetişdiyim komandadan ayrılmaq çətin olacaq. Lakin peşəkar oyunçu üçün belə hallar normaldır. İstərdim ki, “Qəbələ” ilə titul qazanaq, medalla burdan ayrılım. Komandamız həmişə titul əldə edib, ümid edirəm ki, yenə belə olacaq”.