Digər idman növləri
Zədə Nadala Avstraliyada oynamağa imkan vermədi
İspaniyalı tennisçi Rafael Nadal Avstraliyadan vətənə dönür. Buna səbəb Brisbendəki turnirin son oyununda aldığı zədədir. Rafa gələn həftə başlayacaq Avstraliya Açıq Çempionatında iştirak etməyəcək.
“Hər kəsə salamlar. Brisbendəki son oyunumda müəyyən problemlər yaşandı. Bu məni bir qədər həyəcanlandırdı. MRT nəticəsində əzələdə kiçik qırılmanın olduğu aşkar edilib. Sevindirici haldır ki, bu, keçən il əməliyyat olunduğum yer deyil.
Hazırda mən 5 setlik oyunları maksimal gücdə oynamaq iqtidarında deyiləm. Bu səbədən də İspaniyaya qayıdıb dincəlməliyəm. Son bir ildə xeyli əziyyət çəkmişəm. Ümid edirəm ki, əvvəlcədən də planlaşdırıldığı kimi, qarşıdakı 3 ay ərzində optimal səviyyəmə çıxa biləcəyəm.
Təəssüf ki, Melburnun gözəl publikası qarşısında bir neçə oyun keçirməkdən məhrum oldum. Hər kəsə təşəkkür edirəm. Məni dəstəkləyən insanlara da xüsusi minnətdarlıq ifadə etmək istəyirəm”, – deyə Nadal sosial şəbəkə hesabında yazıb.