Ölkə futbolu
Ənənəvi “Keşlə”: Tounkara geri qayıdır
“Keşlə” yenə eyni ritmdədi. İllərdi az qala hər ay yeni transfer edən, birini gətirib digərini yola salan paytaxt klubu adətindən əl çəkmir. “Transfer pəncərəsi” dövrü, heyətin komplektləşdirilməsi kimi amillər bakılıların vecinə deyil.
Avrokubokdakı biabırçı çıxışın ardından Premyer Liqanın yeni mövsümünə də uğursuz başlayan “Keşlə” yenə heyəti gücləndirməyə çalşır. Artıq sentyabr planını dolduracaq legioner də bəllidi. Bakılılar 3 ay öncə bəyənməyib yola saldığı, lazımsız biri kimi baxdığı Sadio Tounkaranı düşərgəyə çağırıb.
Yaxşı vaxtları keçmişdə qalan, ötən mövsüm özünü sübut edə bilməyən, ona görə də yay boyunca yeni iş yeri tapmayan 29 yaşlı yarımmüdafiəçinin dönüşü yaxın günlərdə rəsmiləşəcək. Azərbaycanda 4 müxtəlif klubda oynamış, Kiprdə və Estoniyada da çıxış etmiş malilinin onu qovmuş baş məşqçi Sənan Qurbanovla yenidən bir yerdə olması da xüsusi məqamdı. Çünki Sadio bu dəfə məşqçinin yox, klub rəhbərliyinin birbaşa göstərişi ilə heyətə qatılır.
Növbəti aylar üçün Con Kamara, Silvio Rodriges və Yevgeni Koçukun “Keşlə”yə dönməsi xəbərini və ya başqa legionerlərin transferlərini eşitsəz, təəccüblənməyin. Bu, bir “Keşlə” fərqidi.