Müsahibə
Cəmşid Məhərrəmov: "Bir də ayıldıq ki, diviziona düşmüşük"
Mövsümün sonunda axırıncı pillədən qurtula bilməy…
Mövsümün sonunda axırıncı pillədən qurtula bilməyən "Rəvan" nəticədə Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzə qaldı. Futbolinfo.az saytına müsahibə verən "Rəvan"ın müdafiəçisi Cəmşid Məhərrəmov komandasının mövsüm ərzindəki çıxışını dəyərləndirməklə yanaşı, bir sıra maraqlı məqamlara da toxunub:
– Mövsümü "Rəvan" üçün necə dəyərləndirirsiz?
– Bərbad, pis. 1-ci diviziona düşən komandanın çıxışını necə dəyərləndirmək olar? Bütün fikrimizi kuboka yönəltdik, bir də ayıldıq ki, 1-ci diviziona düşmüşük.
– "Rəvan"ın kuboka fikrini yönəltməsi nəticəsində Premyer Liqada çətinlik yaşacağı bəlli idi. Düşünmürsüz ki, Güvənc Kurtar kuboka önəm verməklə səhvə yol verdi?
– Bəzi şeylər var ki, bizim danışmağımızla düzələn deyil. Çünki hər bir məşqçinin öz oyun sistemi, taktikası, seçimi var. Əvvəl deyilirdi ki, Premyer Liqanı heç kim tərk etməyəcək. O da AFFA-ya arxalandığı üçün elə qərar qəbul etdi.
– Yəqin ki, Türkiyədə Güvənc Kurtarın "kümə düşürən hoca" ləqəbi ilə tanınmasından xəbəriniz var?
– Xeyr, bu barədə məlumatım yoxdu. İlk dəfə sizdən eşitdim.
– Belə çıxır ki, arxayınlığın qurbanı olduz?
– Baş məşqçinin dediyi də o idi. Qərar dəyişəndən sonra gec oldu.
– Məlumdu ki, Azərbaycanda 1-ci diviziona düşən komandalar bir müddət sonra dağılmaq təhlükəsi ilə üz-üzə qalır. Bir də Premyer Liqaya qayıdışı düyünə düşür. Ola bilərmi ki, "Rəvan" da belə bir təhlükə ilə üzləşsin?
– İnanmıram ki, "Rəvan"ı belə bir aqibət gözləsin. Çünki burada futbolun inkişiafına dair işlər görülür, baza tikilir. İnşallah, yaxşı olar. Hazırda mən də bu klubun üzvüyəm. Gözləyirik. Allahın izni ilə hər şey yaxşı olmalıdı. Ümid edirəm ki, klubların sayı artar, "Rəvan" da elitada qalar.
– Premyer Liqada qalmağınızla bağlı kimsə sizə nəsə deyib?
– Xeyr, hələ ki, heç kimə dəqiq heç nə deməyiblər. Komandanın taleyi AFFA-da keçiriləcək son iclasdan sonra bəlli olacaq.
– "Rəvan"ın 1-ci diviziona düşməsi tam rəsmiləşsə, bu, sizin karyeranıza təsir edəcək? Yəni, komandada qalacaqsız?
– Düzü, bu haqda danışmaq istəmirəm. Hər bir şeyin öz vaxtı, zamanı var. Xeyirlisi nədisə, o da olacaq.
EMİN SƏFƏROV