Ölkə futbolu
Yuri Syomin Rauf Əliyevi istəyir
"Qəbələ"yə Avropa Liqasına vəsiqə qazandıran Yuri Sy…
"Qəbələ"yə Avropa Liqasına vəsiqə qazandıran Yuri Syomin mövsümün sonunda əyalət təmsilçisindən ayrılaraq ölkəsinin "Mordoviya" klubuna başçılıq etmək qərarı aldı. Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis Qəbələdən gedəndən sonra Azərbaycanda çıxış edən legioner futbolçularla yanaşı, yerli oyunçularımızı da yeni klubunun heyətinə cəlb etmək istəyir.
Yeni mövsümdə "Mordoviya" ilə avrokuboklara vəsiqə qazanmağı hədəfləyən Syomin artıq İbrahima Niasseni komandasına cəlb edib. Futbolçu ilə iki illik müqavilə də imzalanıb.
Bundan başqa təcrübəli mütəxəssis son mövsümü "Qəbələ"də keçirmiş Marat İzmaylovla yanaşı Lorenzo Ebesiliyonu da Saransk təmsilçisinin heyətinə cəlb etməyi düşünür. Syomin komandaya cəlb olunmasını istədiyi futbolçuların siyahısını artıq klub rəhbərliyinə təqdim edib. Rusiya mətbuatının yaydığı məlumata görə, çalışdırıcı millimizin və "Bakı"nın hücumçusu Rauf Əliyevi də komandasında görmək istəyir. Ancaq hələ ki, "Mordoviya" rəhbərliyi bununla bağlı heç bir açıqlama vermir.