Müsahibə
Acius: "Qarabağ"a qarşı yaxın oyun nümayiş etdirsək…"
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Q…
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" ikinci təsnifat mərhələsi çərçivəsinin cavab qarşılaşmasında sabah Malta "Valletta"sını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, oyundan bir gün əvvəl rəqib komandanın baş məşqçisi Gilbert Aciusun matçla bağlı mətbuat konfransı təşkil olunub.
O, oyunla bağlı bunları deyib:
– Hər kəsi salamlayıram. Biz burada yaxşı komanda ilə qarşılaşacağımızı bilirik. Ötən illərdə göstərdiyi nəticələr "Qarabağ"ın yaxşı komanda olduğunu deyir. Komandaya olan hörmətə rəğmən, qürurumuz üçün oynayacağıq.
– Komandaya əsas tapşırınız nə olacaq?
– Mən məşqçiliyə təzə başlamışam. Mənim üçün yaxşı performans göstərmək vacibdi. Mənim üçün nəticə vacib deyil. Yaxşı oyun nümayiş etdirsək, nəticə də gələcək.
– Komandalar adətən oyundan əvvəl matçın keçiriləcəyi vaxtda məşq edir. Sizin bir gün əvvəl məşqi tez keçirməyinizin səbəbi nədi?
– Bunun iki səbəbi var. Birincisi, məşqlə oyun arasında xeyli vaxt yaranacaq. İkincisi isə vaxtında qidalanmaq və rahat yatmaqla bağlıdı.
– "Zalsburq" haqda düşünmüsüz?
– Bizim üçün önəmli olan "Qarabağ"la oyundu. Əlbəttə, "Zalsburq" barədə məlumatım var. Ancaq indidən bu haqda düşünmək sadəcə, boş yerə enerji sərfiyyatıdı.
– "Valletta"nın futbolçuları iddialı danışsa da, siz bir az təslim olmuş kimi danışırsız. Bunun səbəbi nədi?
– Mən pessimist olduğumu düşünmürəm.
– İlk oyunla bağlı düşüncələriniz necədi?
– Qapıçı yaxşı qurtarışlarla yadda qaldı. Nəticədən razı olsam da, oyundan narazı qaldım. Meydanda təkcə qapıçı qəhrəman olmamalıdı. Hər kəs mübarizə aparmalıdı.