Müsahibə
Anders Svensson: "İnter"ə məğlubiyyət bizim üçün faciə olmayacaq"
İsveç "Elfsborq"unun futbolçusu Anders Svenss…
İsveç "Elfsborq"unun futbolçusu Anders Svenssonun futbolinfo.az saytına müsahibəsi
– "İnter"lə ilk oyunda məğlub oldunuz. Cavab oyunundan nə gözləyirsiz?
– Çətin oyun olacaq. Çünki onlar bizdən yaxşı durumdadılar. Əvvəlki oyunda da yaxşı çıxış edə bilmədik. Yaxşı nəticə qazanmağa çalışacağıq. Amma bu, çox çətin olacaq.
– Artıq neçə oyundu ki, İsveç çempionatında qələbə qazana bilmirsiz. "İnter"lə ilk oyununuz da uğursuz alındı. Komandanızın bu uğursuz çıxışının səbəbi nədi?
– Bunu dəqiq deyə bilmərəm. Çalışırıq ki, yaxşı oyun göstərək. Ötən həftə də yaxşı futbolçularımızdan birini itirdik. Buna baxmayaraq, cavab oyununa yaxşı hazırlaşmışıq. Yaxşı formadayıq. Sona qədər mübarizə aparmalıyıq ki, nəticə qazana bilək.
– Baş məşqçiniz Bakıya gəlməyib və sizinlə olmayacaq. Bu amil sizə mənfi təsir edə bilər?
– Xeyr. Çünki, ötən matçda da o, bizimlə deyildi. Ümid edirəm ki, heç bir problem olmayacaq.
– "İnter"ə məğlub olsaz, bu, sizin üçün faciəvi olacaq?
– Xeyr. Hesab etmirəm ki, elə olsun. Çünki biz ötən mövsüm Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmışdıq. İndi də çox güclü rəqibə qarşı mübarizə aparırıq. Ona görə də "İnter"ə məğlub olsaq, bu, bizim üçün faciə olmayacaq. Ümid edirik ki, bu matçda qol vurarıq və mərhələ adlayarıq. Maraqlı qarşılaşma olacaq.
– Soyuq ölkədən gəlirsiz, Bakıda da çox isti olur. Belə hava şəriti oyununuza mənfi təsir edə bilər?
– Görünür, siz ötən həftə İsveçdə olmamısız. Olsaydız, belə deməzdiz. Çünki hazırda bizim ölkədə də istidi. Demək olar ki bizdə də buradakına yaxın isti var. Ona görə də hava şəraitinin bizə mənfi təsir edəcəyini düşünmürəm.
– Əvvəl də Bakıda olmusuz. İsveç millisinin heyətində Azərbaycan yığmasına qarşı oynamısız və qol da vurmusuz. Şəhərimizi yenidən görmək sizə necə təsir bağışladı?
– Bəli, həmin vaxt milli ilə ilk rəsmi matçıma çıxmışdım. Xeyli vaxt əvvəl Bakıda olmuşdum. İndi bəzi şeyləri heç xatırlamıram da. Buraya dünən gəldik. Şəhəriniz çox gözəldi. Xüsusilə də şəhər mərkəzində yaxşı yerlər var. Oraya gedib, gəzdik.
– Ötən il Avsrtiya "Zalsburq"una qarşı oynamısız. Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində həmin komanda ilə qarşılşacaq. "Zalsburq"la oynamaq çox çətindi?
– Açığını desəm, "Qarabağ"ı elə də tanımıram, amma "Zalsburq" çox güclü komandadı. Ola bilər ki, bəzi oyunçularını itiriblər, amma çox çətin rəqibdilər. Onlara qarşı oynamaq çox çətindi.
ELMAR VƏLİYEV