Ölkə futbolu
Georgi Nikolov günahı özündə axtarmalıdı
"İnter" bu dəfə də ənənəsinə sadiq qaldı. "Ban…
"İnter" bu dəfə də ənənəsinə sadiq qaldı. "Bankirlər" yenə mübarizəni Avropa Liqasının ikinci təsnifat mərhələsində dayandırdı. Halbuki Kaxaber Sxadadzenin komandası üçün çox gözəl şans yaranmışdı. Belə ki, səfərdə İsveç "Elfsborq"u üzərində qazanılan minimal hesablı qələbə bakılıları növbəti mərhələyə daşıya bilərdi. Ancaq bu, mümkün olmadı.
Matçın 4-cü dəqiqəsində Laşa Salukvadzenin meydandan qovulmasından sonra təmsilçimiz azlıqda qalsa da, rəqibin çox da güclü olmaması "İnter"i bir o qədər də çətin duruma düşürmədi. Bundan başqa matçın başlanğıcında oyunun baş hakimi Stanislav Todorov tərəfindən təyin olunmuş penaltini qola çevirə bilməməsi rəqibi psixoloji cəhətdən gərgin vəziyyətə salmışdı. Hakimin müxtəlif epizodlarda rəqibin lehinə qərar verməsi, bununla "bankirlər"in onsuz da tarıma çəkilən əsəbləri ilə "oynaması" da diqqətdən yayınmadı. O, sanki Kaxaber Sxadadzenin dediyi kimi, Bakıya öz missiyasını yerinə yetirmək üçün gəlmişdi.
Ancaq bütün məsuliyyəti bolqar hakimin üzərinə atmaq da düzgün deyil. Dünənki qarşılaşmada "İnter"in heyətində çatışmazlıq olduğu açıq-aşkar hiss olunurdu. Hücumçu probleminin həll edilməməsi "Elfsborq"la oyunlarda öz sözünü dedi. Səfərdə qaçırlan saysız-hesabsız qol epizodları dəqiq yerinə yetirilsəydi, təmsilçimiz artıq növbəti mərhələdə idi. Buna görə məsuliyyəti şübhəsiz ki, ilk növbədə klub prezidenti Georgi Nikolov daşıyır. Onun simiclik etməsi, transferə 200 min dollardan artıq pul ayırmamasına görə Kaxa alternativ variantlardan istifadə etmək məcburiyyətində qalmışdı.
Ötən gecə həm də azərbaycanlı futbolçuların Biləcəridən o tərədə çıxa bilməməsinin səbəbini hər kəs bildi. Start heyətdə yalnız bir azərbaycanlıya – Arif Daşdəmirova güvənən gürcü çalışdırıcının seçimini niyə əcnəbilərdən yana etdiyini açıq-aşkar görmək olardı. Uzun müddətdi "İnter"də çıxış edən Asif Məmmədov dünən sanki ilk matçına çıxmışdı. Meydana ikinci hissədə daxil olan yarımmüdafiəçinin ayaqları əsirdi. Halbuki, o, matçın qəhrəmanına çevrilmək şansı əldə etmişdi. Qapıçı ilə təkbətək mübarizədə nə edəcəyini bilməyən yarımmüdafiəçi qol epizodunu boşa verməklə hamımıza böyük xəyal qırıqlığı yaşatdı.
Bu, tribunada matçı izləyən azarkeşlərlə yanaşı, həm də Kaxanın səbr kasasını daşırdı. "Aska" meydanda 36 dəqiqə ora-bura qaçdıqdan sonra Mirzağa Hüseynpurla əvəzlədi. Artıq çəkisi olduğu aşkar görünən sabiq "Sumqayıt"lı da əlinə düşən imkanlardan istifadə edə bilmədi. Onun təkbətək mübarizə zamanı qapıya baxmadan zərbə endirməsi və topu qapı dirəyinə çırpması ilə azarkeşləri qəzəbləndirdi.
Beləliklə, "Elfsborq" ilk hissənin sonuncu dəqiqəsində vurduğu qolla matçı əlavə hissəyə daşıdı. Əlavə hissələrdə də qol olmayınca, komandalar növbəti mərhələnin açarı üçün penaltilər seriyasına müraciət etdi. Onbirmetrlik zərbələrdə daha dəqiq olan isveçlilər Bakıdan "oley, oley" şüarları ilə ayrıldılar.
Matçdan sonra təşkil olunmuş mətbuat konfransında "İnter"in çalışdırıcısı Kaxaber Sxadadzenin istefa verəcəyini bəyan etməsi gözlənilən idi. Bu, komandasının onun etimadını doğrultmamasından atılan addım idi. Buna görə gürcü çalışdırıcını qınamaq düzgün deyil. O, "İnter"ə bu heyətlə ən yaxşı nəticəni qazandırdı. Rəhbərlik də onun potensialına bələd olduğu üçün Kaxanın istefasını qəbul etməyəcyini bildirib. Komandanın "sükanı arxasına" başqa birisi gəlsə, uğursuz nəticələrə görə artıq Nikolovun özü istefa verməli olacaq.
Evin içinə qədər gələn üçüncü mərhələnin vəsiqəsinin əldən buraxılması bundan sonra komandada vəziyyəti pisləşdirə bilər. Ancaq artıq "bankirlər" dünən gecəni unudub gələcəyə baxmalıdı. Ancaq yerli futbolçuların qıtlığından əziyyət çəkən komandanın növbəti ölkə çempionatında ən azından ötən mövsümdəki uğurunu təkrarlaması bir qədər şübhəli görünür. Yerli futbolçu probleminin açıq-aşkar hiss olunduğu komandada bu çatışmazlığın necə aradan qaldırılacağı isə maraq doğurur.
EMİN SƏFƏROV
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”