Ölkə futbolu
Aqolli: "Dünya Qarabağı Azərbaycanın toprağı, Kosovanı isə muxtar respublika kimi tanıyır"
Azərbaycan çempionu "Qarabağ"ın müdafiə&cced…
Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan və yarıda qalmış qalmaqallı Serbiya – Albaniya matçında baş verənlərlə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, iştirakçısı olduğu qarşılaşma ilə bağlı Türkiyə mətbuatına bunları söyləyib:
"Bayrağımızı alıb cırmaq istədilər. Buna icazə verməmək üçün bayrağı əllərindən aldıq. Kiməsə zərər verəcək bir hərəkət etmədim. Amma mənə bir neçə dəfə yumruq atdılar".
Ölkəsinin bayrağını birdən meydanda görüncə qürur duyduğunu deyən Aqolli rəqib futbolçuların xoşagəlməz hərəkətləri səbəbindən onu serblərin əlindən almağı özlərinə borc bildiklərini açıqlayıb: "Serb oyunçular bayrağımızı alıb cırmaq istədi. Biz isə buna icazə verə bilməzdik. Məncə, normal davrandıq. Kim olsa, bayrağı üçün eyni şeyi edərdi. Sonucda onu qorumağa çalışdıq. İnanılmaz bir olay yaşadım".
Stadionda albaniyalı azarkeşlər olmadığı üçün havadakı bayrağın hər kəsi təəccübləndirdiyini bildirən futbolçu serb tərəfdarların hücumuna məruz qaldığını da diqqətə çatdırıb. Matç öncəsində yerli azarkeşlərin Albaniyanın dövlət himninə hörmətsizlik etdiyini önə sürən Aqolli bunları vurğulayıb: "Himni heç eşitmədim. Matç başladığında isə əllərində nə varsa, bizə atdılar. Hətta daş və cib telefonları da gördüm".
Ansi meydana qayıdıb matça davam etmək istədiklərini, ancaq bəzi komanda yoldaşlarının aldıqları zərbələr səbəbindən bunu bacarmadağını söyləyib. O, buna görə UEFA-nın Albaniyaya 3 xal verməli olduğunu qeyd edib.
Aqolli daha öncə İrəvanda oynanılan Ermənistan – Serbiya maçında da erməni tərəfdarların açdığı "Qarabağ Ermənistanın, Kosova Serbiyanındı" pankartına da münasibət bildirib: "Hər kəs Qarabağ və Kosovanın kimin olduğunu çox yaxşı bilir. Dünya Qarabağı Azərbaycanın toprağı, Kosovanı isə muxtar respublika kimi tanıyır".