Premyer-liqa
İfrat intizamın fəsadları
Artıq iddialılarla autsayderlər öz yerlərini alır, gücl…
Artıq iddialılarla autsayderlər öz yerlərini alır, güclü və zəiflərin dəqiq siyahısı müəyyənləşir. Sürpriz liderlər, sensasiya sayəsində zirvədən yapışanlar layiqli mövqelərinə enir.
Topaz Premyer Liqasının 11-ci turu da göstərdi ki, çempionatın əsl liderləri kimdi, autsayderləri kim. Qızıl medallar uğrunda mübarizədə əsas favoritlər yavaş-yavaş gücünü göstərir. Turun eyni gündə keçirilən oyunlarında sürprizlərə də rast gəldik. Amma “Bakı” ilə “Sumqayıt”ın heç-heçələri heç kimi yanıltmasın – problem onların rəqiblərindədi.
“Qəbələ”nin turnir vəziyyəti faciəli deyil, ancaq bu gedişlə əyalət klubunu fiasko gözləyir. Rəhbərlik tez bir zamanda əlini daşın altına qoymalıdı. Ola bilsin, Dorinel Muntyanu həqiqətən çox çalışır, amma görürük ki, onun gecə-gündüz işləməsi nəticədə əksini tapmır. Çünki rumın çalışdırıcının ciddi səhvləri meydanın kənarındadı. Transfer siyasətinə birbaşa özü nəzarət edən bu adamın gətirdikləri bir işə yaramır, bundan başqa onun davranış xətaları da var.
Muntyanunun ciddi intizama üstünlük verməsi pis bir şey deyil, gəl ki, o, ifrata varır . Futbolçularla heç cür dost olmaq istəməyən Dorinel hansısa səhvə görə istənilən futbolçunu asa da bilər. Daim təzyiq altında oynayan futbolçuya isə bu şərait əlverişli deyil və onlar lazım gələndə məşqçinin xilası üçün meydanda can qoyası deyillər. Rəhbərlik hər nə qədər qışa qədər səbr etmək istəsə də, görünən odu ki, Munytanu yola salınanda “Qəbələ” iddialarına ciddi zərbə dəymiş halda olacaq.
1:1 hesabını təbii ki, uğurlu nəticə sayan “Bakı”nın əməyini yerə vurmaq istəmirəm. Sadəcə, komandaların şəraitini və imkanlarını nəzərə alsaq, Qəbələdə böyük hesab qeydə alınmalı idi. Əzmkar gənclərin ümidinə qalan, maaş almaq nədi, hətta rəhbərlikdən quru təbrikə də layiq görülməyən “Bakı” futbolçularının məhz təcrübəsizliyindən yararlanmaq lazım idi. “Neftçi” kimi, “Xəzər Lənkəran” kimi… “Sumqayıt”I hakim səhvi, “Araz Naxçıvan”I rəqibin aşkar zəifliyi hesabına çətinliklə yenmək olar. Amma uğurlu çıxış üçün bu, çox azdı.
FƏRİD