Premyer-liqa
"Böyük oyun"a görə 11 matçlıq diskvalifikasiya
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 13-cü turunda keçirilən "Xəzər Lənkəran" – "Neftçi" (1:1) matçı ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 16-cı dəqiqəsində “Neftçi” klubunun futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyun 50-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir etmişdi. Bu səbəbdən də adıçəkilən futbolçu 6 oyunluq cəzalanıb, klubu 5200 manat cərimə olunub.
Oyunun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klubu isə 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunub və ona 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidın cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Bundan ələavə oyunun 90+4-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimə olunub.