A kişilər, siz nə axtarırsız, kimi axtarırsız, niyə axtarırsız? Berti Foqtsu qovmaq istəyirsiz, qovun. Daha niyə oturub baş sındırırsız ki, Berti gedəndən sonra yerinə kim gələcək? Elxan Məmmədov daha bir bertifasonu milliyə gətirməmiş, gəlin sizə öz platformamdan danışım. Oxuyun, görün millinin baş məşqçisi olmağa kim daha çox layiqdi?
 
Hörmətli seçicilər… Bir dəqiqə, üzr istəyirəm. Qəlbi qələbə arzusu ilə pöjdələnən hörmətli futbol azarkeşləri, bunlar hamısı müftəxorlardı. Bunlar hamısı neçə illərdi pulları basıb yeyirlər, amma ortada heç nə yoxdu. İşdi, olmadı elə, oldu belə, mən millinin baş məşqçisi olsam, bunların hamısını “dam”a basdırajam. Bir dəqiqə, üzr istəyirəm, elə demək istəmədim… Siz etimad göstərib öz milli komandanızı mənə həvalə etsəz, bir şeyə görə içiniz həmişə rahat olacaq ki, xalqın komandasında xalqın balaları oynayacaq. Mənim platformamım ilk bəndlərindən biri budu ki, o kəkilli “gədələr”i… Adları da yadımda qalmır… Hə, o Gökdəmirdi, Levindi, şirdi, nədi, onların hamısını məhv eliyəjəm! Milli komandada milli mentalitetləri bilən, bunlara hörmət edən, öz atalarımızın, analarımızın bu gözəl dünyaya bəxş etdiyi futbolçularımız olmalıdı.
 
Əziz xalqım, hörmətli seçici… Çox dəyərli futbolsevərlər, çox uzağa getməyin, sonuncu tsiklə baxın. Bunlar 9 xalı sizin gözünüzə soxurlar. Məni milli komandanın baş məşqçi postunda görmək istəsəz, elə ilk tsikldə 12 xal toplayacağıma söz verirəm. Özü də mən hər tsikldə iki xal artımı ilə getməyəcəm. Mənim komandamda xal artımı üç-üç olacaq. Hesablamışam, uzağı 6-7 ilə Avropa, ya da dünya çempionatının final mərhələsinə çıxacağıq.
 
Ey öz səslərini mənə vermək istəyən seçicilər… Çox üzr istəyirəm. Ey topu “doqquzluğ”a düşməyən 9 xallı futbolsevər qardaşlar, bacılar, Foqtsa yaradılan şərait mənə yaradılsa, hamınızın qarşısında bütün məsuliyyətimlə deyirəm ki, milli komandanız onun vaxtında olduğundan daha yaxşı çıxış edəcək ki, pis olmayacaq. Pulunu alıb yaxşı oynamayan futbolçuların burunnarından gətirəjəm o yüz min dollarları. Tutdurajam, hamısını “dam”a basdırajam. Fitil-fitil gətirəjəm burunnarından o pulları. Belə pis çıxmasın, tsikl ərzində yarım milyona yaxın pul qamarrayıblar, oynadıqları futbola, yığdıqları xala bax. 9 xal! Dütdülü!
 
Mən bu gün o üzdəniraqların – ermənilərin adını çəkib, qanınızı qaraltmaq istəmirdim. Amma bunlar özləri məni məcbur edirlər ki, onların adını çəkim. Ay mənim xalqım, siz ermənilərin də qruplarında topladığı xala baxın, bunların topladığına da baxın. Hələ fəxr də edirlər.
 
Siz məni seçin, milli komandanızı mənə etibar edin, qalanı mənnikdi! Görsəm ki, alınmır, istefa verəjəm. Sizi boğaza yığan bu Berti Foqts axı heç istefa da vermir. Deməli, məni seçsəz, bir addım irəlidəsiz.
Shares: