İspaniyanın “Atletiko” klubunun qapıçısı Horatiu Moldovanın “Qarabağ”a transferi baş tutmayıb.
Futbolinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı qolkiper Azərbaycan klubuna keçməkdən imtina edib.
Məlumatda qeyd olunur ki, Rumıniya millisinin futbolçusu karyerasını Kiprdə davam etdirməyə daha yaxındır. Çünki “Omoniya” onun uğrunda mübarizədə tək qalıb. Qapıçı ötən mövsüm icarə əsasında formasını geyindiyi “Ovyedo”dan müqavilə ilə məxsus olduğu “Atletiko”ya qayıtsa da, Madrid klubunda qalmayacaq.
Moldovanın “Omoniya”ya icarəyə veriləcəyi, yoxsa birdəfəlik transfer olunacağı danışıqların gedişindən asılı olacaq.
Qeyd edək ki, Horatiu Moldovanın “Atletiko” ilə sözləşməsi 2027-ci ilin yayına qədərdir.
