Futbolda məşqçi istefaları normal və təbii haldı. Komanda uğursuz çıxış edirsə, məşqçinin bugünə qədər gördüyü işlər nəzərə alınmır və son duruma görə onun istefaya göndərilməsi gündəmə gəlir. Əlbəttə, bu proses dünyanın müxtəlif klublarında müxtəlif şəkildə baş verir. İllərlə bir məşqçiyə güvənən klublarla yanaşı, ildə bir neçə məşqçini dəyişən komandalar da göz oxşayır.

Təəssüf ki, Azərbaycan futbol arenasında biz ikinci variantın daha çox şahidinə çevrilirik. Düzdü, bu mənada "İnter"i istisna etmək olar. "Bankirlər" yüksəlişdə olarkən də, eniş dövrü yaşayarkən də rəhbərlik Kaxaber Tsxadadzeyə həmişə dəstək olur. Yəni bu mənada "İnter" digər klublarımızdan fərqlənir. Əslində, bu yazıda kimin düz, kimin səhv olduğunu araşdırmaq fikrimiz yoxdu. Sadəcə, "bir məşqçini nə zaman qovmaq lazımdı" sualı ətrafında düşünüb "Neftçi"də Superkubok matçından sonra çıxarılan qərarı müzakirə edəcəyik. Doğurdanmı, Tərlan Əhmədov "Xəzər Lənkəran"a məğlubiyyətə görə istefaya göndərilməli idi? Yəni çempionatda lider komandanın çalışdırıcısının bir superkubok matçının nəticəsinə görə istefaya göndərməyə dəyərdimi?

Əlbəttə, bu mənada hərənin öz fikri ola bilər. Bəlkə də buna nəticə səbəb olmayıb. Ancaq evin içində hansı prosesin baş verməsindən asılı olmayaraq kənardan görünən mənzərə heç də ürəkaçan deyil.

                                                              Bəyənmirdinsə, niyə şans verirdin?

Əlbəttə, Böyükağa Hacıyevin "Şkenderbeu"yla matçlarda uğursuzluğunu istisna etsək, təcrübəli mütəxəssisin "Neftçi"ni çalışdırdığı müddətdə öz işinin öhdəsindən layiqincə gəldiyini vurğulamalıyıq. Hər halda, komandanı ardıcıl 2 mövsüm çempionluğa daşıyan Hacıyev həm də Azərbaycan futbolu tarixində ilk dəfə bizə qrup mərhələsi sevincini yaşatdı. Yəni albanlara yenilgi belə Hacıyevin istefasını şərtləndirmirdi. Ancaq Böyükağa bəy özü istefa vermək qərarına gəldi və bunu da normal qarşılamaq lazım idi. Sadəcə anormallıq Hacıyevdən sonra ona layiqli əvəzedicinin tapılmaması oldu.

Yəni belə bir məqamda "Neftçi"yə "bişmiş" mütəxəssis lazım idi. Məsələ ondadı ki, Hacıyevin sələfi Arif Əsədov belə "ağ-qaralar"a çempionluq qazandırsa belə, ÇL-dəki bərbad çıxışa görə istefaya göndərilmişdi. Belə bir məqamda Hacıyevdən sonra "Neftçi"nin təcrübəsiz bir məşqçiyə tapşırılması absurd görünürdü. Həm də ki, Hacıyevin köməkçisi vəzifəsində çalışan Əhmədov "Neftçi" Kiryat-Şimona "Hapoel"ylə matçlarda da ümidləri doğrultmamışdı. Məhz Hacıyevin müalicə olunduğu dönəmlərdə komandanı meydana çıxaran Əhmədov israilliləri təəcübləndirə bilməmiş, böyükhesablı yenilginin səbəbkarı olmuşdu. Hacıyev qayıdan kimi "Neftçi" APOEL-i devirərək yenidən relsə düşmüşdü.

Düzdü, bu yerdə Tərlanlı "Neftçi"nin "Zestafoni"ni devirdiyini də qabartmaq olar. Əhmədov pis idisə, nə üçün "Neftçi" Gürcüstan komandasını arxada qoydu? Ancaq bir qədər də dərindən düşünməli olsaq, Gürcüstandakı matçın az qala "Neftçi" üçün faciəylə nəticələnəcəyini və bir hissəyə 2 qol buraxdıqdan sonra üstünlüyün ərimək üzrə olduğunu da görərərik. Deməli, Əhmədovun uğurunu da şişirtməyə ehtiyac yoxdu. Beləliklə də, "Neftçi" rəhbərliyi Hacıyevin gedişindən sonra Əhmədova şans yaratmaqdansa yeni çalışdırıcı axtarışına çıxmalıydı. Hər halda, bir mütəxəssisə süni şəkildə şans verib onu heç baş məşqçi kimi təsdiqləməyəcəksənsə, belə oyun oynamağın mənası qalmırdı.

                                              Superkubok matçına görə lider komandanın məşqçisini qovmazlar

Amma istənilən halda, yola çıxdığın məşqçini əhəmiyyətsiz bir superkubok matçına görə istefaya göndərmək də absurd idi. Belə baxanda bu oyuna qədər Əhmədovlu "Neftçi"nin çıxışında hansısa böyük nöqsanları da qabartmaq düzgün olmazdı. Məsələ ondadı ki, "ağ-qaralar" çempionatda keçirdiyi 10 oyunda yalnız bir dəfə məğlubiyyət acısı yaşayıb. Hər halda, lider komandanın məşqçisinin istefaya göndərilməsi heç vaxt müsbət qarşılana bilməz. Məsələ ondadı ki, dünyanın hər yerində superkubok matçları ikinci dərəcəli oyunlar sayılır. Yəni məşqçilər bu oyuna bir növ hazırlıq görüşü kimi baxır. Superkubok hər nə qədər titul kimi qələmə verilsə də, mövsümün sonunda komandanın qazandıqlarına nəzər salanda heç kim bu titula elə də böyük əhəmiyyət vermir. Yəni ölkə çempionluğu və kubokunun yanında bu titul gözlə görülməyəcək dərəcədə xırda, tərəziyə qoyulmayacaq qədər azdı. Dünyanın özünə hörmət edən klubları bir superkubok matçına görə məşqçini istefaya göndərmirlər. Sadəcə, “Neftçi” rəhbərliyi açıqca deməlidi ki, 10 nəfərlə qalan əzəli rəqibə yenilgini həzm edə bilmədik.

Gülməli bilirsiz nədi? Bütün dünyada superkubok çempionat başlamazdan öncə keçirilir. Ya da ki, uzaqbaşı İspaniyada superkubokun qalibi 3-cü tura qədər bilinir. Azərbaycanda isə klubların ərköyünlüyü üzündən ilk dövrə başa çatandan sonra belə bir oyun keçirilir. Elə məhz bunun çanağı da Əhmədovun başında sındı. Görəsən, bu oyun mövsümün açılışından əvvəl keçirilsəydi, "Neftçi" rəhbərliyi Əhmədovu istefaya göndərəcəkdi? Əsla! Yaxşı, görəsən, bu, superkubok yox, çempionat matçı olsaydı, Tərlan bəyə yenə də qapını göstərəcəkdilər? İnanmıram. "Neftçi"nin çalışdırıcısının taleyi elə bir tükdən asılı idisə, onda "Bakı"nın "ağ-qaralar"ı 3:0 hesabıyla darmadağın etdiyi oyundan sonra bu baş verəydi. Deməli, çempionatda məğlubiyyət "Neftçi" rəhbərliyi üçün radikal addım atmağa şərait yaratmayıb. Sadəcə, superkuboka xüsusi dəyərin verilməsi və nəticədə onun yubadılması bu istefanın çirkin tərəfini üzə çıxartdı.

İndi adamı bir sual düşündürür. Görəsən Sadıq Sadıqovun başçılıq, Tahir Süleymanovun idarə etdiyi klub Əhmədovun yerinə hansı məşqçini gətirəcək? Seçimi bir ara adı hallanan Nazim Süleymanov üzərində etsələr, onda "Neftçi"nin irəliyə doğru düşünülmüş addım atdığını iddia etmək olmaz. Çünki potensialına görə Əhmədovla Süleymanov arasında elə də ciddi fərq yoxdu. İstənilən halda, "Neftçi" ölkə səviyyəsində səviyyəli sayılmayan məşqçiyə tapşırılmamalıdı. Onu da nəzərə alaq ki, bu dəqiqə ölkədə iş başında olmayan səviyyəli mütəxəssis yoxdu. Bircə Ağasəlim Mircavadovun adını çəkmək olar ki, onun yenidən bu komandaya dəvət olunacağı inandırıcı görünmür. Sadıq Sadıqov isə Böyükağa Hacıyev variantını tamamilə istisna edib. Hə, bir də əcnəbi mütəxəssis ehtimalı var. Ancaq lider komandaya kollektivi tanımayan və Azərbaycan futbolundan xəbərdar olmayan məşqçini gətirmək liderliyi "podnos"la çempionluq uğrunda mübarizə aparan digər komandalara hədiyyə etmək olardı. Çünki burada qatığın tutması mümkünsüz olacaq, ayranın alınacağı isə işə yaramayacaq. Deməli, bu məqamda "Neftçi" rəhbərliyinin Tərlan Əhmədovu istefaya göndərməsi yanlışdı. Sadəcə, "Neftçi" rəhbərliyinə Əhmədovu göndərmək üçün bəhanə lazım idi. "Xəzər Lənkəran"ın azlıqda qalaraq qalib gəlməsi isə bu istefanı həyata keçirtmək üçün əla vasitə idi.

Məşqçilərin kütləvi şəkildə komandadan göndərilməsi isə qeyri-adi qarşılanmamalıdı. Onsuz da "Neftçi"də dəfələrlə bu kütləviliyin şahidi olmuşuq. Bugünə qədər bir neçə dəfə vitse-prezident Tahir Süleymanovun və onun əlaltılarının istefa qərarının açıqlanmasının şahidi olmuşuq. Amma sonradan müəyyən səbəblərdən bu köç baş tutmayıb. Sadəcə, Əhmədov bundan sonra geri qaytarılmayacaq. Çünki öz xoşuyla istefa ərizəsini yazmayıb. Bizə isə yeni məşqçini gözləmək qalır…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp