“Böyük oyun”a Orxan Məmmədovun təyinat aldığını biləndə ürəyümə şübhə toxumu səpilmişdi. Doğrusu, bu gənc referinin belə ağır oyunun öhdəsindən gələ bilməyəcəyini düşünürdüm. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun bu təyinatla özünü yandıracağını düşünürdüm.
 
Amma Orxan məni yanıltdı. O, həmin gün izlədiyim “İnter” – “Rəvan” matçını ciddi səhv olmadan yola verən, meydanda varlığını hiss etdirməyən sabiq FİFA referisi Vusal Əliyev kimi çox sərbəst idi. Məmmədov matçda demək olar, səhvə yol vermədi, gərginliyə yol açmadı. Gəl ki, mərdiməzarsız keçinmək olmur – yan xətt hakimi Elman Musayev elə “quş buraxdı” ki…
 
Doğrusu, tribunada əyləçən azarkeşlərin belə aydın şəkildə gördüyü ofsaydı neçə illərin hakiminin necə gözdən qaçırdığını anlaya bilmirəm. Bəlkə də komandaların arasındakı güc nisbətini nəzərə alsaq, bu epizod oyunun axarında ciddi rol oynamadı. Ancaq reallıq odu ki, laysmanın bu aşkar səhvi nəticəyə təsir göstərdi, “Neftçi” hesabı açdı. Səhv isə elə şeydi ki – xüsusilə belə oyunlarda – onun qiymətləndirilməsində kənar məqamlar nəzərə alınmır. Ona görə də Musayevin bayrağı qaldırmaması indi cənubluların səsini qaldırması üçün yerinə düşəsi fürsətdi.
 
Bəlkə də oyunun gedişində “Xəzər Lənkəran”ın Bakıdakı rəhbərliyi bu səhvə görə əsəbləşmişdi. Amma yekun nəticədən sonra onların hətta Elmanın canına dua oxuduğuna əminəm. Zarafat deyil, bu hakim qonaqlara məğlubiyyətə don geyindirmək üçün əla bəhanə verib. Axı, indi klubun fəxri prezidenti Mübariz Mənsimova hesabat vermək üçün ortada fakt var. “Qarabağ”a 0:3, ardınca “Neftçi”yə 1:4 – söhbət 2 böyükhesablı məğlubiyyətdən gedir. Ağdamlılarla görüş üçün Superkubokdan sonrakı yorğunluq bəhanə idisə, indi də oyunun əvvəlinə təsadüf edən hakim səhvi var. İndi Mais Mənsimov böyük Mənsimova hesabatında bu məqamı böyük hərflərlə qeyd edəcək.
 
Reallıq başqa məqamları diqtə etsə də, “Xəzər Lənkəran” rəhbərliyi bu faktla haqlıdı. Və çox təəssüf ki, komandanın uğursuzluqları məhz bu səhvlə gizlədiləcək, ört-basdır ediləcək. Daha bilmirəm Mübariz bəy 10 illik tarixində Con Toşaka kimi cəmi 5 dəfə böyük hesabla uduzan komandanın uelslinin rəhbərliyi altinda son 3 ay 6 gün ərzində 3 dəfə rəzil olmasının  (“Makkabi” Hayfa, İsrail 0:8, Qarabağ 0:3, Neftçi 1:4) səbəbi ilə maraqlanacaq, ya yox?
 
Hadisələrin necə inkişaf edəcəyindən asılı olmayaraq, Elman Musayevin Orxan Məmmədovun əla idarəçiliyinə ləkə vurduğu faktdı. Amma bu ləkə yəqin ki, Orxanın yox, Elmanın karyerasını çirkinləşdirəcək. Çünki cəza məhz Musayevin haqqıdı.
 
CAVAD
Shares: