Futzal üzrə ölkə çempionatının son turunda “Marafon Futsal”la qarşılaşan və çətinliklə qələbə qazanan “Araz” turnir cədvəlində liderliyə yüksəldi.

Futbolinfo.az xəbər verir ki, bu qələbə son çempiona asan başa gəlmədi. Əsas oyunçularından olan Eduardonu itirən “Araz” baş məşqçisinin də texniki zonadan qovulmasına üzüldü. Oyundan sonra komandanın üzvlərindən İsa Atayev Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib:

– Təcrübəli “Araz”ın debütant qarşısında bu qədər əziyyət çəkməsi nədən irəli gəlirdi?
– Çox çətin oyun oldu. Onlar lider idilər və mövqelərini qorumaq istəyirdilər. Biz də qələbə qazanmaq, layiq olduğumuz pilləyə yüksəlmək istəyirdik. İnsan nəyisə çox istəyəndə onu əldə etmək çətin olur.

– Hesabı rəqib açdıqdan sonra bir qədər əsəblər gərildi…
– Oyunumuz alınmırdı. Deyəsən, “qara zolaq”dayıq. İstədiyimizi edə bilmirik, alınmır.

– Bəlkə oyununuza UEFA Kubokundakı uğursuzluq təsir edir?
– Ola bilsin, oradakı uğursuzluğun fəsadları qalmaqdadı. Çünki mərhələ adlaya bilmədikdən sonra günahı biri digərinin üstünə atdı. Müəyyən gərginlik var idi. Bu da bir müddətdən sonra keçəcək.

– Oyunun gərginliyini göstərilən vərəqələrdən də sezmək mümkündü…
– Baş məşqçimizi də texniki zonadan kənarlaşdırdılar. Eduardonun da qırmızı vərəqə alması yaxşı olmadı. Çünki növbəti turda əzəli rəqibimiz olan “Neftçi” ilə qarşılaşacağıq. Təsiri mütləq hiss olunacaq.

– “Araz”ın oyunundakı bu eniş millinin Avropa çempionatındakı çıxışına təsir edə bilərmi?
– Millidəki ab-hava başqadı. Həm də yanvara qədər çox dəyişiklik ola bilər. Bəlkə mən də heç yığmaya dəvət edilmədim. İstənilən halda Sloveniyada Azərbaycanı layiqincə təmsil edəcəyik. Çətin qrupda yer alsaq da, irəli addım atacağımıza ümid edirəm.

– Yüksək Liqanın debütantları necə, çempionata yeni nəfəs gətirə biliblərmi?
– Çox rəng qatıblar. “Marafon Futsal” bu gün liderlik uğrunda yarışır. “Yasamal” da heyətini gücləndirib. Oyunlar asan keçmir. Əvvəlki illərdə oyunlara həvəssiz gəlirdik. Ancaq “Neftçi” və EKOL-la oyunlarda müəyyən qədər gərginlik hiss edirdik. Amma indi oyunlara yanaşmamız dəyişib. Hansısa qarşılaşmanı asan udacağımızı düşünmürük. “Marafon Futsal”la oyun bunu bir daha sübut etdi. Həm də UEFA kubokundakı uğursuzluqdan sonra çempionatı yenidən yüksək yerdə başa vurmaq istəyirik. Heç olmasa, uğursuzluğumuzu bu yolla sığortalayaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp