İsveçin “Malmö” klubunun hücumçusu Sören Riks UEFA Avropa Liqasının 2-ci turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı danimarkalı futbolçu Liqa mərhələsində ilk xallarını Bakıda qazanmaq əzmində olduqlarını söyləyib.

Danimarka millisinin sabiq üzvü 2018-ci ildən formasını geyindiyi komandanın avrokuboklardakı performansına da toxunub: “Uve Röslerin dönəmində avrokuboklarda uğurlu mövsüm keçirdik, qrupda oynadıq. Daha sonra Yon Dal Tomassonun rəhbərliyi altında Çempionlar Liqasının qrupunda çıxış etdik. Bu, heyrətamiz idi. Son iki mövsüm bizim üçün çox pis alındı. Ancaq indi daha yaxşı işlər görməliyik. Qrup mərhələsinin 1-ci turunda “Reyncers”ə (0:2) məğlub olduq. Bu cür rəqiblərə qarşı müqavimət göstərmək önəmlidir. İndi “Qarabağ”la görüşə hazırlaşırıq. Həm rəhbərliyin, həm də azarkeşlərin gözləntilərini doğrultmaq arzusundayıq. Əvvəlki illərdəki fiaskonu Avropa Liqası matçlarında unutdurmalıyıq. Buna da “Qarabağ”la matçda başlamaq istəyirik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp