“Karvan-Yevlax”ın futbolçusu Rauf Rüstəmli futbolinfo.az saytına müsahibə verib. 23 yaşlı yarımmüdafiəçi həm komandası, həm də gələcək karyerası ilə bağlı sualları cavablandırıb.

– Misli Premyer Liqasının XXIX turunda lider “Sabah”la qarşılaşacaqsınız. Bu görüşə necə hazırlaşırsınız?

– Qarşıda bizi çox çətin oyun gözləyir, elitanın liderinə qarşı mübarizə aparacağıq. Son iki oyunda qələbə qazanmışıq, motivasiyamız yaxşıdır. Əlimizdən gələni edib layiqli mübarizə aparacağıq.

– Son oyunlarda yaxşı çıxışınızla diqqət çəkirsiniz. “Kəpəz”ə 3 qol vurdunuz, hətta “Şamaxı” ilə görüşdə də siz fərqlənəcəkdiniz, son anda Mikels baş zərbəsi ilə adını tabloya yazdırdı. Bu görüşdə də fərqlənə biləcəyinizə inanırsınızmı?

– Çox şükür, hər oyunda komandaya kömək etmək üçün əlimdən gələni edirəm. Bu görüşdə fərqlənsəm də, fərqlənməsəm də, ən yaxşısını etməyə çalışacağam.

– Müqavilə ilə “Sabah”a məxsussunuz. Bu oyunda qol vurmaq sizin üçün xüsusi əhəmiyyət daşıyırmı?

– Heç bir oyuna “qol vurmalıyam” fikri ilə çıxmıram. Əksinə, belə düşünəndə məncə qol vura bilmirsən. Bu oyunda da qol vurmaq mənim üçün xüsusi əhəmiyyət daşımır.

– Hazırda Premyer Liqada 11-ci pillədə qərarlaşan “Qəbələ”dən 5 xal geri qaldığınızı nəzərə alsaq, qazanılacaq xal(lar) sizin üçün böyük əhəmiyyət daşıyır. Qarşıdakı turlarda onlara çatsanız, elitadakı gələcəyiniz XXXIII turda həllini tapacaq. Bir amil də var ki, “Qəbələ” də sizin üçün yad deyil, oranın yetirməsisiniz. Bu barədə nə düşünürsünüz?

– 5 oyun qalıb və arada 5 xal fərqi var. Həm “Qəbələ”nin, həm də bizim çətin oyunlarımız var. Hər şey mümkündür. Düzdür, “Qəbələ”nin yetirməsiyəm, amma komanda indi yaxşı zamanlarını keçirmir. Öz adıma, komandam üçün əlimdən gələni edəcəyəm. Nə olur-olsun Premyer Liqada qalmaq üçün son tura qədər vuruşacağıq.

– “Sabah”da olub əsas komandada çıxış etmək hədəfiniz varmı? Özünüzü buna hazır hiss edirsinizmi?

– “Sabah”ın əsas komandasında oynamaq istəyirəm və bunun üçün çalışıram. İcarə müqaviləm bitdikdən sonra kluba qayıdacağam və özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.

– O zaman “Sabah”ın əsas heyətində sizə şans verilməsə, ora qayıtmayacaqsınız?

– Bəli. Yalnız əsas komandada oynamaq şansı olsa, qayıdacağam.

– Başqa komandalardan, qeyri-rəsmi də olsa, təklif almısınızmı? Mövsümün sonunda xarici kluba getmək variantını nəzərdən keçirirsinizmi?

– Heç bir klubla danışığım olmayıb. Hər şey mövsüm bitdikdən sonra bilinəcək. İnşallah, karyeram üçün yaxşısı və xeyirlisi olar.

AĞA

Shares: