Məktəbdə oxuyarkən, universitetə daxil olarkən qurduğumuz xəyallar sonrakı reallıqlarla uzlaşmaya bilir. Hobbilərimiz bizi başqa sahillərə atır. Və bəzən elə də olur ki, hobbilərin gətirdiyi imtiyazlar xəyallarımızda əldə edəcəyimiz taledən də gözəl alınır.
Hamımızın yaxından tanıdığı Səbuhi Səfiyarlı məhz futbol sevgisi sayəsində futbol ictimaiyyətinin sevimlisinə çevrildi. Fərqli ixtisas üzrə təhsil alsa da, jurnalistikaya gəlişi onu futbol sahəsinə belə desək, inteqrasiya etdirdi. Əvvəlcə mətbuat katibi, daha sonra agent və yaxud menecer, sonda da klub idarəçisi.
– Uşaqlıqda kim olmaq istəmisiniz?
– İndi dəqiq yadıma gəlmir. Valideynlərim həkim olduğuna görə, evdəkilər mənim də bu peşəyə yiyələnməyimi istəyirdilər, belə bir təbliğat var idi. Amma həkimlik xoşuma gəlmirdi deyə, heç ağlıma gətirmirdim. Mən 1996-cı ildə məktəbi bitirmişəm, həmin vaxt o qədər problem və qeyri-müəyyənlik var idi ki, kim olacağımız bilinmirdi. Riyaziyyat və texniki elmlərə marağım olduğu üçün 1-ci qrup üzrə imtihan verdim, o zaman Neft Akademiyası adlanan (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – T.M.) ali təhsil müəssisəsinə daxil oldum. Fikirləşirdim ki, o sahədə işləyəcəyəm, lakin orada oxuya-oxuya jurnalistikaya keçmək variantı yarandı. Bizim rayondan olan məşhur yazıçı-publisist Əli Rza Xələflinin “Kredo” qəzetində krossvord hazırlaya bilən əməkdaş axtarılırdı. Mənim də krossvorda böyük marağım var idi. Bununla da jurnalistikaya gəldim. Əvvəlcə idmanla bağlı, sonra ümumi mövzularda qəzet üçün krossvord düzəldirdim. Elə orada mənə təklif etdilər ki, bəlkə sənə idman səhifəsini tapşıraq. Əsasən milli idman haqda yazırdım. 1 il keçəndən sonra hiss etdim ki, məndə həqiqətən alınır və daha böyük yerə getmək lazımdır. “Kredo” daha çox siyasi qəzet idi və həftədə cəmi 1 dəfə çıxırdı. Beləliklə, “Futbol+” qəzetinə işə düzəldim. Hətta orada işləyə-işləyə bunların hamısının müvəqqəti olduğunu və yenidən əsas ixtisasıma qayıdacağımı düşünürdüm. Həmin vaxt artıq magistraturada oxuyurdum. Ancaq elə oldu ki, “Neftçi”dən mənə dəvət gəldi. Misir Əbilov zəng edib soruşdu ki, bu klubun mətbuat xidmətinin rəhbəri işləyə bilərsənmi? Düzü, bir qədər çəkinirdim, çünki məndən əvvəl bu vəzifəni mərhum adlı-sanlı jurnalist Məzahir Süleymanzadə icra etmişdi. Fikirləşirdim ki, belə bir insandan sonra mənə çətin olar, cəmi 24-25 yaşım var idi. Amma böyük bir şans idi və əldən verməmək qərarına gəlib təklifə razılaşdım.
– “Neftçi”də neçə il işlədiniz?
– Təxminən 6 il. 2004-cü ilin yanvarından 2009-un noyabrına qədər. İlk illərdə çox çətin idi. 2004-cü ildə çempionat dayandırılmışdı, sonra yenidən bərpa olundu. Futbolda yeni klublar yarandı, rəhbərlik dəyişdi, pul gəldi, lakin kadr çatışmazlığı dəhşət çox idi. Söhbət təkcə məşqçi, həkim və s. yox, ümumiyyətlə, təcrübəli idarəedici kadrlardan gedir. Heç bir klubun mətbuat xidməti yox idi. Demək olar, bu vəzifəni birinci tutan Məzahir müəllimdən sonra elə mən idim. Həmçinin təşkilati işləri – komandanın səfərlərə hazırlığı, forma alışı və s. görürdüm. Belə deyim, rəhbərlikdə əksər insanlar yeni gəldiyinə görə, futboldan az-çox başı çıxan elə mən idim. Düzdür, futbolu bilirdilər, ancaq işləri görmək üçün ora-bura qaçmaq tələb olunurdu. Onlar da rəhbər şəxslər idi deyə, bunu mənə həvalə edirdi. Mətbuat xidmətinin rəbhəri kimi bu cür təcrübə qazanıb bir müddət sonra futbol idarəçiliyinə keçdim.
– İdmana marağınız uşaqlıqdan var idi?
– Bəli, çünki ailəmizdə idman həmişə sevilib, həvəskar səviyyədə çox məşğul olublar. Uşaqlıqdan evdəkilərlə birgə “Neftçi”nin oyunlarına baxmışam. Həmçinin şahmat oynamışam. 1991-ci ildə Cəbrayılda turnirdə iştirak etmişəm, bununla bağlı video da var. Futbol üzrə bütün dünya çempionatlarının statistikasını apardığım çoxlu dəftərlər var idi, təəssüf ki, köçdüyümüz vaxt itdi. Hətta Azərbaycan çempionatının 1994-97-cı illərdə statistikasını da qeyd edirdim, o zaman liqamızın oyunlarına baxan çox az idi. Bir sözlə, idmana marağım həmişə olub, “Neftçi”yə gəlib düşəndə isə qərar verdim ki, məhz futbol sahəsində işləyəcəyəm.
– Nəticələriniz yaxşı idi? Şahmatçı olmaq perspektiniz nə dərəcədə idi?

– Yox, o dərəcədə deyildi. Rayon səviyyəsində pis oynamırdım. Amma Cəbrayıl 1993-cü ildə işğal olandan sonra Bakıya köçdük və gördüm ki, oyun planında səviyyə fərqi çox böyükdür. Çox məşğul olsaydım, nəyəsə nail olmaq mümkün idi, lakin onda da dərsdən qalırdım. Təhsilə də çox diqqət etməliydim. Buna görə də şahmata yalnız həvəskar səviyyədə davam etdim.
– “Nə? Harada? Nə zaman?” tipli oyunlara marağınız olub? O sahədə özünüzü yoxlamaq istəmisiniz?
– O vaxt AzTV-də “Breyn rinq” verilişi yayımlanırdı. 11 sinifdə oxuyarkən mənim təşəbbüsümlə direktorun yanına getdik ki, 192 nömrəli tam orta məktəbin adından turnirdə iştirak etmək istəyirik. Komanda yığdım, müraciət etdik. Cəmi 1-2 oyuna qatıldıq. Həvəsimiz olsa da, indiki kimi şərait yox idi. Bakıda bu cür oyunlar az keçirilirdi, həm də əksəriyyəti rus dilində idi, biz isə Azərbaycan dilində oxuyurduq deyə, çətin idi.
– Jurnalistikanın bu səviyyəyə yüksəlməyinizdə ciddi təkan olduğunu demək olar?
– Birmənalı olaraq belədir. Çünki mətbuat xidmətinin rəhbəri kimi başlamışdım və oradakı əlaqələr jurnalistikanın hesabına yaranmışdı. “Futbol+” qəzetində cəmi 1,5-2 il işləmişəm, sonra digər mətbuat orqanlarında üst-üstə heç 2 il çalışmamışam. Ümumən 20 ildən çoxdur futbol sahəsindəyəm. Ancaq indi də futbol adamları məni jurnalist kimi görürlər.
– Mətbuat xidmətinin rəhbəri vəzifəsindən gedəndən sonra futbol agent kimi fəaliyyət göstərməyə başladınız…
– Dediyim kimi, “Neftçi”də həmin postu tutsam da, çox iş görürdüm və bunun da bir hissəsi seleksiya ilə bağlı idi. Futbolçu tapmaqda, ingilis dilini bildiyimə görə danışıqların aparılmasında kömək edirdim. “Neftçi”də rəhbərlik dəyişəndən sonra oradan ayrıldım və bu işi bildiyim üçün nə ilə məşğul olacağım haqda çox da fikirləşmək lazım gəlmədi. O vaxt “Olimpik-Şüvəlan”dan ayrılan Vaqif Heydərli ilə birgə agentlik fəaliyyətinə başladıq. Bu, uzun sürmədi, çünki mən 2010-cu ilin sentyabrında Bakı “İnter”indən təklif aldım. Vaxtilə “Neftçi”də birlikdə çalışdığımız Ramin Musayev məni məsləhət görmüşdü. Mənim üçün də klub işi daha maraqlıdır. Buna görə də cəmi 6-7 ay agent işləmək imkanım oldu.
– Azərbaycanda futbol agenti olmaq nə dərəcədə çətindir?
– Çox çətindir. Çünki bu işlə məşğul olmaq istəyirsənsə, ölkəndə ya yaxşı klub, ya da yaxşı futbolçu olmalıdır. Bizdə Avropaya çıxacaq səviyyədə oyunçu tapmaq çox çətin idi. Xaricdən istedadlı futbolçu gətirmək üçün isə avrokuboklarda yaxşı nəticələr göstərən klub lazımdır. Həmin vaxt o səviyyədə klubumuz da yox idi. Avrokuboklarda cəmi 1-2 mərhələyə keçə bilirdik ki, bu da yaxşı oyunçular üçün cəlbedici deyildi. Çox legioner gəlirdi, hətta yüksək qiymət qarşılığında, amma istənilən effekt olmurdu. Agentlik işi elə yalnız futbolçu gətirmək, pul qazanmaq, komissiya haqqı almaq baxımından lazım idi. Bu isə məni çox da cəlb etmirdi.
– Belə bir müqayisə aparım… Hansısa azərbaycanlı rejissor bizim ölkə səviyyəsində normal film çəkə bilər, lakin onu aparıb Hollivuda və ya Avropaya nə qədər şərait yaratsan da, yenə də Azərbaycan şablonundan çıxmayacaq. Yəni ki, azərbaycanlı rejissorun Hollivudda səs-küyə səbəb olacağına inanmıram. Çünki onun əvvəldən o cür məktəbi olmayıb.
– Təkcə kino deyil, bir çox sahələr haqda bunu söyləmək mümkündür. Oradakı dünyagörüşü, insanların münasibəti və ümumiyyətlə, hər şey fərqlidir. Adi bir misal çəkəcəyəm, bununla çox rastlaşmışam: ukraynalı, rus və ya gürcü futbolçu 21-22 yaşında Avropaya gedəndə özü ilə birgə sevgilisini də aparır. Orada birlikdə yaşayırlar, hər şey nəzarətindədir. Azərbaycanlı oyunçu gedəndə isə özü ilə qız dostunu və ya nişanlısını aparması mümkün deyil. Nəticədə yad ölkədə tək-tənha darıxmağa, sağa-sola meyillənməyə, belə desək, avara həyatı yaşamağa başlayır. Bu, onun oyununa da təsir edir. Sonradan da çox futbolçumuzda alınmır, qayıdıb gəlirlər. Bizdə başqa cəmiyyətə uyğunlaşmaq bir az çətin keçir.
– Bəs azərbaycanlı agentlər xaricdə hansısa futbolçular ilə işləyib onları top-klublara sata bilər?

– Ola bilər, əlaqələr çox vacibdir. Buna görə dedim ki, ölkəndə ya yaxşı oyunçuların olmalıdır ki, Avropa komandalarının sənə ehtiyacı yaransın, ya da yaxşı klubun olmalıdır ki, avropalı futbolçular orada çıxış etmək üçün səni axtarsın. Bizdə illər əvvəl bunların heç biri yox idi. Əcnəbi futbolçuları çətinliklə gətirirdik, dəyərindən artıq pul verirdik. Avropada fəaliyyət göstərən və oyunçularımızı aparmağa çalışan gənc agentlərimiz var. Ancaq yenə də onların əksər işini avropalı menecerlər görür. Bizə çox çətindir.
– Soruşmaq istədiyim odur ki, sizinlə bu yola çıxan Vaqif Heydərli və ya başqa agentimiz Avropada işləsə, hansısa avropalı futbolçunu top-kluba apara bilər?
– Vaqif çox təcrübəli agentdi, bir çox gənci Avropaya aparıb, amma Vaqif onların yerinə futbol oynayası deyil. Karyeranın Avropada davam etməsi üçün əlaqələr və oyunçunun inamı çox vacibdir. Məsələn, hansısa portuqaliyalı oyunçu Azərbaycan klubu ilə yolu kəsişsə, bizim agentə etibar edə bilər. Amma başqa cür azərbaycanlı agentin portuqaliyalı futbolçunu Türkiyə və ya İspaniya klubuna aparması çox çətindir.
– Bir də dil məsələsi çox vacibdir. Futbolçularımızın xarici dili bilməməsi nə dərəcədə rol oynayır?
– Bu, səbəblərdən biri olsa da, ən başlıcası deyil. Əsas səbəb futbol məktəblərimizin Avropada oynayacaq səviyyədə futbolçu yetişdirməyə hazır olmamasıdır. Bizim “istehsal” etdiyimiz oyunçu Avropa klublarında çıxış etməyə hələ hazır deyil. Xasiyyət, evə bağlılıq, başqa cəmiyyətə çətin uyğunlaşma, dil bilməmək – bunlar artıq sonrakı məsələlərdir. Bir neçə istedadlı futbolçumuz olub ki, məhz bu səbəblərdən geri qayıdıb.
– Çempionatımızdakı güclü yerli oyunçularımız avropalı agentlərlə işləyirlər?
– Bəli. Bu yaxınlarda Bəhlul Mustafazadə Avropada işlərinin görülməsi üçün xarici şirkətlə müqavilə imzaladı. Əvvəllər onunla birgə çalışmışıq. Lakin indi agent kimi fəaliyyət göstərmirəm deyə, Bəhlulla belə qərara gəldik ki, bu addımı atsın. Bu cür futbolçularımız var, ancaq orada da məsələ başqadır. Çünki “Qarabağ” kimi klublar yerli oyunçuya ehtiyac olduğu üçün yaxşı maaş verməyə məcburdur. Avropa komandaları isə bizim futbolçulara bu qədər əməkhaqqı vermir. Nəticədə məsələ maddi dalana dirənir. “Qarabağ”dakı oyunçu həm yaxşı maaş alırsa, həm də Çempionlar Liqasının pley-offunda çıxış edirsə, Avropada ən azı nəticəsi olan kluba getməlidir. Polşa və ya Çexiyanın ortabab komandasına yollansa, daha az pul qazanacaq, eyni zamanda Çempionlar Liqasını görməyəcək. Buna görə də xaricə getmək xətrinə getməyə dəyərmi? Məncə, yox.
– Bəzən idman saytlarında hansısa azərbaycanlı futbolçunun Avropa klubu ilə adı hallanır. Agentlər oyunçunun qiymətini qaldırmaqdan ötrü bu cür hiyləgərliyə əl atırlar?
– Belə şeylərdən xoşuma gəlməsə də, tez-tez olur. Elə indi də çempionatda çıxış edən bəzi legionerlərlə bağlı “Qarabağ”ın onlarla maraqlandığını yazırlar. Hərdən özüm də mətbuatda 1-ci Liqada forma geyinən hansısa oyunçunun iki klubun hədəfinə düşdüyünü, onlardan birinin “Qəbələ” olduğunu oxuyuram. Halbuki həmin futbolçudan xəbərimiz də yoxdur. Bunlar hamısı agentlərin oyunlarıdır. Təkcə Azərbaycanda deyil, Avropada da buna əl atırlar.
– Klub idarəçisi kimi futbolçuları izləyirsiniz, sonra onların bəzilərini gətirisiniz. Bu işdə böyük təcrübəniz var. Maraqlıdır, son illərdə ciddi nəticələri olan “Qarabağ” da bəzən uğursuz transferlərlə yadda qalır. Bunun sirri nədədir? Niyə əvvəlcədən dəqiq müəyyənləşdirmək olmur?
– Çətindir. Əslində, “Qarabağ”ın uğurlu transferlərinin sirrini bilmək daha maraqlı olardı. Məsələn, Pedro Bikalyo və ya Kamilo Duran ötən ilin bu vaxtı Portuqaliya 2-ci Liqasında oynayırdı. Onlar heç kimin diqqətini cəlb etmirdi. Kim fikirləşərdi ki, Duran Çempionlar Liqasının əsas mərhələsində 5 qol vuracaq? Təbii ki, 2-ci Liqadan futbolçu gətirirsənsə, uğursuzluqla üzləşmək ehtimalın var. “Qarabağ” niyə bunu edir? Çünki onsuz da heç bir transferdə öncədən 100 faiz əmin ola bilməzsən. Amma bu qiymətə alınan 2-3 oyunçu tutursa, bu, uğur sayılır. “Qarabağ” Lissabon “Sportinq”indən futbolçu gətirsə və uğursuz olsa, tənqid etmək olar. Ya da Polşa çempionatında mövsümün ən yaxşı qapıçısı seçilən Mateuş Koxalski ümidləri doğrultmasaydı… Lakin 2-ci Liqadan edilən bəzi transferin uğursuz olması normaldır. Onsuz da hər klub büdcəyə görə hərəkət edir. Məsələn, “Qəbələ”də verdiyimiz maaşa 10 ən vacib keyfiyyətin hamısına malik oyunçunu gətirə bilmərik. Məcbur olub 3-4 ən vacib keyfiyyətini axtaracağıq. Baş məşqçi də baxır ki, futbolçuda hansısa çatışmazlıq varsa belə, bunu düzəldə biləcək, ya yox. Daha 3-4 keyfiyyətini də düzəldib onu normal oyunçuya çevirəcək. “Qarabağ” da bu yolla seçim edir. Bəzi futbolçuları düzəltmək alınmır, onların çoxunun da xarakteri ilə bağlı problemləri olur.

– Əsas hansı keyfiyyətlərdən söhbət gedir?
– Baxır ki, oyunçunu hansı mövqe üzrə axtarırsınız. Baş məşqçiyə də deyirəm ki, bu prosesi maşın almaqla müqayisə edirəm. Bizim sıfırdan yeni “Mersedes” almaq imkanımız yoxdur. Gedib axtarmalı, yüngül əzilmiş və ya vurulmuş “Mersedes” tapmalı, boyamalı və oturub sürməliyik. Həmin avtomobil də yeni “Mersedes” kimi görünməlidir. Əksər klublarımız da bunu etməlidir. Ancaq təkrar edirəm, maşının vuruğu da elə olmalıdır ki, düzəltmək olsun. Yoxsa eləsi var ki, əmələ gəlmir. Bu sözlər alınan futbolçulara da aiddir. Əsl mütəxəssisin fərqi məhz ondadır ki, hansısa keyfiyyətləri düzəldə biləcəyini anlayır.
– Məşqçilərlə bağlı vəziyyət necədir? Yerli mütəxəssislər agentlərlə işləyir? Onlar niyə xarici klublara getmir? Bəziləri isə ümumiyyətlə, işizdir.
– Məşqçi üçün əlaqələr ən vacib məsələdir. Təbii ki, yerli mütəxəssisin ilk növbədə Azərbaycan daxilində uğuru olmalıdır. Məsələn, “Qəbələ”də Dorinel Muntyanunun baş məşqçisi olduğu dönəmdə köməkçilərindən biri moldovalı analitik-məşqçi Andrey Martin idi. O, daha sonra ölkəsinin U-19 və U-21 millilərində işlədi, ardınca isə “Petrokub”la Moldova çempionu oldu və Konfrans Liqasının qrupuna vəsiqə qazandı. Hazırda “Ordabası”nı çalışdırır. Qazaxıstan klubu Martinin “Petrokub”la müqavilə müddəti bitən kimi onu dəvət etdi. Nə Moldova futbolunu bizim futboldan, nə də məşqçilərini bizimkilərdən güclü sayıram. Bizim Andrey Martin səviyyəsində mütəxəssislərimiz var. Buna görə də bu işdə birinci nəticə, ikinci isə əlaqə çox önəmlidir. Həmçinin dil məsələsi. Düzdür, Qazaxıstanda işləmək üçün rus dili kifayət edir. Amma hər halda, yerli məşqçilərin əlaqələri kifayət qədər deyil. Eyni zamanda, onlara o qədər etibar yoxdur. Məsələn, sizə deyirlər ki, Tacikistanda yaxşı məşqçi var, reaksiyanız necə olar? Təəccüblə qarşılayacaqsınız. Xaricdə də Qurban Qurbanovdan başqa heç bir məşqçimiz tanınmır.
– Elə növbəti sualım da “Qarabağ”ın baş məşqçisi ilə bağlıdır. Türkiyə klublarının Qurbanovla maraqlandığı yazılırdı. Hətta “Beşiktaş” və “Hatayspor”un adı çəkilirdi. Bəs mediada çıxan İspaniyanın “Jirona” klubu ilə bağlı söz-söhbətlər doğrudur?
– Bu suala çətin ki, cavab verə bilim. Bu xəbərləri oxumuşam, lakin maraqlanmamışam. Ola bilər, çünki avrokuboklarda nəticəsi olan məşqçiləri uzun siyahıya alırlar. Qurbanov da “Qarabağ”la Avropaya səs salmış mütəxəssisdir deyə, mümkündür. Lap “Hatayspor” olsun – Çempionlar Liqasının pley-offunda oynayan komandanı qoyub ora getmək…
– İqor Tudor işlədiyi yerlərdə ciddi nəticə qazanmasa da, agenti onu yenə də məşhur klublara aparmağı bacarır. Məşqçilərimiz bu səviyyədə agentlərlə işləsə, onlar da ciddi komandalara dəvət alar?
– Hər şeydən əvvəl Tudoru hamı tanıyır, o, futbolçu kimi ad qazanıb. Məsələn, məşqçi qismində heç bir uğuru olmayan Adrian Mutu “Neftçi”yə necə gəlmişdi? Vaxtilə məşhur futbolçu olduğuna görə. Ad, marka çox vacibdir. Bir zamanlar bizim milliyə Karlos Alberto Torres təyin olunmuşdu. Məşqçi kimi ciddi uğurlar əldə etməsə də, hamı onu Pelenin oynadığı dövrdə Braziliya yığmasının kapitanı olaraq xatırlayırdı. Tudor futbolçu kimi qazandığı adı “xərcləyir”. Baxmayaraq ki, məşqçi olaraq zəifdir.
– Agent işləyəndə hansı klublarla işləmək sizin üçün daha çətin idi? Hansılarla isə daha rahat anlaşırdın?
– Klubları bu cür bölmək istəməzdim. Çünki uzun illər futboldayam, indiki baş məşqçilər və direktorların çoxusu ilə birgə işləmişik. Məsələn, “Neftçi”də çalışdığım vaxt Qurban Qurbanov və Vidadi Rzayev hələ futbolçu idi. Buna görə də kiminləsə çətinliyim olmayıb. Sadəcə, bir qədər tələbkar baş məşqçilər var. Rəşad Sadıqova və ya Elmar Baxşıyevə hər oyunçunu bəyəndirmək olmurdu. “Qarabağ”ın seleksiya qrupu var, çox yaxşı işləyirlər. Hansısa futbolçunu təklif edəndə sənə onun tərcümeyi-halını danışırlar. Baxırsan ki, onu konkret izləyiblər. “Sabah”ın seleksiyası da yaxşı işləyir. “Neftçi” bu mövsüm yaxşı transferlər etdi.
– Bəzi futbolçular var ki, valideynləri bu məsələyə qarışır. Məsələn, Neymarın atası, Adrien Rabyonun anası çox müdaxilə edirlər. Azərbaycanda belə oyunçular var? Onlarla işləmək nə dərəcədə çətindir?
– Var və həmin futbolçuların, demək olar, heç biri uğur qazanmayıb. Azərbaycanda valideynlər və ya başqa qohumlar çox oyunçunu bədbəxt edib. O tendensiya davam edir. Fikirləşirlər ki, hamıdan ağıllıdırlar, daha yaxşı bilirlər. Əsasən gənc futbolçularla bağlı olur. Kim ki bu səhvi tez düzəldir, davam edə bilir.

– Həmin valideynlər və ya qohumların əsas tələbləri pul, yoxsa başqa şeylərlə bağlı olur?
– Şəraitlə bağlı. Məsələn, hansısa klub futbolçuya daha çox pul təklif edir. Amma agent kimi işin içində olduğuma görə anlayıram ki, ora getsə, futbol oynamayacaq. Başqa klubda isə daha az qazanacaq, lakin daim oynayıb ikinci və ya üçüncü mövsümündə qat-qat artıq alacaq. Valideyn isə indini düşünür. Hər halda, agent bazarı daha yaxşı bilir. Bəzən məlumat gəlir ki, klub həmin mövqeyə legioner transfer edəcək və başa düşürsən ki, yerli gənci oynatmayacaq. Valideynə isə bunu izah edə bilmirsən. Futbolçu ora gedir, bir mövsüm ehtiyatda qalır.
– Bizdə elə oyunçular var ki, heç agenti olmasın?
– Bəli, 19-20 yaşlı futbolçularımız var ki, hansısa klubla müqavilə qüvvədədir və hələlik agentlərə ehtiyacları yoxdur. Ancaq U-21 millimizdə çıxış edənlərin əksəriyyətinin və əsas yığmamızın bütün üzvlərinin agentləri var. 2000-ci illərin əvvəlində çox problem olurdu, indi isə vəziyyət dəyişib.
– Sübut olunmayan, amma cəmiyyət arasında elə söz-söhbət var ki, bəzi klublar sırf pul silmək üçün legioner gətirir. Bu, nə dərədəcə doğrudur?
– Bu, təkcə Azərbaycanda deyil, dünyanın çox ölkəsində var. Burada gizlətməli bir şey yoxdur. Çox adam buna gedir, çünki futbolda böyük pullar dövr edir. İngiltərənin özündə belə hallar var və hətta FIFA bununla mübarizə apara bilmir. Əvvəl agentlik və lisenziya məsələsini ləğv etdilər, sonra yenidən qaytardılar. Çünki ortada çox böyük pullar var. Bəzi transferlərdə klub az qala 1 milyon komissiya haqqı verir. FIFA da istəyir ki, belə məbləğ ödəniləndə şəffaflıq olsun.
– Məsələn, bizdə mümkündür ki, klub hansısa futbolçunu rəsmi 5 manata transfer etsin, amma onun 3-nü cibinə qoysun?
– Mən belə halla rastlaşmamışam. Kimsə mənə bunu təklif etməyib. Bilmirəm, bəlkə də başqa agentlər və ya klublar edə bilər. Lakin mən agent işləyəndə belə, futbolçudan komissiya haqqı almağın tərəfdarı deyildim. Klubdan mənə çatan pulu götürürdüm, vəssalam. Heç vaxt hansısa oyunçudan komissiya haqqı almamışam.
– Bizim klublarda dövlət səviyyəsində hər il audit olur?
– Mütləq, çünki lisenziyalaşdırma prosesindən keçirsən. Hər kluba dövlət tərəfindən aylıq müəyyən vəsait ayrılır. Həmin pulu alırsan və tələblər var ki, nəyə xərcləyə bilərsən. Ona uyğun aylıq hesabatı təqdim etməsən, ikinci ayın pulunu sənə vermirlər. Hesabatı yoxlayıb pulun doğru xərcləndiyini təsdiqləməlidirlər. AFFA-nın rəsmi saytında bütün audit yoxlamalarının nəticələri açıqlanır.
– Bunu AFFA özü yoxlayır?
– Audit şirkəti AFFA-ya hesabat təqdim edir. Onsuz da Dövlət Vergi Xidməti sənin banklardakı maliyyə əməliyyatlarını görür. Nəsə uyğunsuzluq görən kimi, zəng edir və ya məktub göndərir. Məsələn, filan futbolçunuzla bağlı hansısa sual yaranıb, sən də izahat verməli olursan. Orada şəffaflıq faizi çox yüksəkdir.
– Keçək “Qəbələ” mövzusuna. Hazırda komandanın bumövsümkü çıxışını necə dəyərləndirirsiniz?
– Düzdür, hələ mövsüm bitməyib, amma daha yaxşı ola bilərdi. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bəzi səhvlərə də yol verdik. Lakin yenə də “İmişli” ilə oyunda qələbə qazansaydıq, hətta 9-cu yeri tutmaq şansımız yaranırdı. Təəssüf ki, bu vacib matçda qalib gələ bilmədik. Yenə də hələ bilmək olmaz.
– Xal itirdiyiniz bu cür oyunlarda əsas problem köklənmə ilə bağlı olur?
– Ramazan ayına təsadüf edən bir dönəm oldu ki, çox xal itirdik. Əksər futbolçularımız matç günü də oruc tuturdular, belə olan halda isə tam gücü ilə oynaya bilmirlər. Üstəlik, təqvim də çox çətin idi, “Qarabağ”, “Sabah”, “Neftçi” ilə ardıcıl oyunlarımız oldu. “Sabah”la kubok görüşündə isə 47-ci dəqiqədə meydanda azlıqda qaldıq, əlavə vaxt oynanıldı. Komandamız çox güc itirdi. Həmin heyətdən 5-6 nəfər oruc tutmuşdu. Bundan sonra bərpa olunmaq, özümüzə gəlmək bir az çətin oldu.
– Yekunda 11-ci yeri tutsanız, elita və 1-ci Liqa arasındakı səviyyə fərqini nəzərə alsaq, içinizdə müəyyən rahatlıq hissi var?
– Yox, çünki hər şey ola bilər. Futboldur da, həm də VAR var: hansısa oyunçu istəmədən elə hərəkət edə bilər ki, komanda azlıqda qalar. Məsələn, “Qarabağ”la matçda 10-cu saniyədə futbolçumuz qırmızı vərəqə aldı. Bu, 1-ci Liqa klubu ilə görüşdə də baş verə bilər. Futbolda elə detallar var ki, heç cür rahatlaşmaq olmaz.
– “Qəbələ”nin əvvəlki maliyyə imkanlarının olmamasının da ciddi rol oynadığını demək olar?

– Təsiri var, ancaq o dərəcədə yox ki, elitada qalmaq uğrunda mübarizə aparaq. Belə olmamalıdır. Bu büdcə ilə normal ortabab komanda düzəltmək olardı. 1-ci Liqadan gəldiyimiz vaxt Kaxaber Sxadadze israr etdi ki, gənc futbolçuları saxlayaq. Klubun da özünün siyasəti var ki, akademiyanın uşaqlarını oynadaq. Onlar yoxlama matçlarında yaxşı çıxış etdilər, buna görə bizdə bir qədər arxayınlıq yarandı ki, bu heyətlə oynaya bilərik. Gənc futbolçular isə ümidləri tam doğrultmadı. Baş məşqçi fikirləşdi ki, 1-ci Liqada əziyyət çəkən oyunçulara Premyer Liqada şans verilməlidir. Biz elitaya yüksələn başqa klublar kimi heyətin 90 faizini dəyişib yerinə legionerlər gətirmədik.
– Baş məşqçinin fəaliyyətindən ümumən razısınız?
– O, Azərbaycanda özünü sübut etmiş məşqçidir. Hamı Sxadadzeni tanıyır, nəsə demək artıqdır. Komandanın sərgilədiyi oyunda da məşqçinin işi görünür. Sadəcə, qeyd etdiyim səbəblərdən Sxadadzeni tam da qınamaq olmur. Təbii ki, nəticə olmayanda ilk növbədə məşqçidən hesabat tələb edirlər. Amma çıxışımıza görə klubda hamının, eləcə də mənim məsuliyyətim var. Sxadadze indiyədək işini davam edirsə, deməli, ondan razıyıq.
– Bəzən azarkeşlər arasında onu istefaya səsləyənlər var…
– Azarkeşlərdir, anlayışla qarşılamaq lazımdır. Onlar həmişə haqlıdır, çünki komandanın yaxşılığını istəyirlər. Şəxsi maraqlara görə yox, nəticələrin daha yaxşı olmasını istədikləri üçün belə edirlər. Kənardan baxanda elə görünə bilər ki, Sxadadze günahkardır. Lakin biz işin içindəyik və bilirik ki, günahın heç də hamısı baş məşqçidə deyil. Azarkeşləri başa düşürük və onlardan bir qədər səbirli olmağı istəyirik.
– “Qəbələ” Premyer Liqada yerini qorusa, Sxadadzenin postunda qalacağını demək olar?
– Hələlik rəhbərliklə onun mümkün gedişi ilə bağlı heç bir müzakirə aparmamışıq.
– Akademiyanız ilə bağlı vəziyyət artıq əvvəlki kimi deyil. Bu, nə dərəcədə “Qəbələ”yə təsir etdi?
– Düzü, rəhbərlik çox məyus oldu. Çünki neçə il davam etdirdiyimiz işi bir həftə içində saxlamaq məcburiyyətində qaldıq. Akademiyanı saxlamaq üçün çox maliyyə gedirdi. Təsəvvür edin ki, 1-ci Liqada mübarizə apardığımız zaman aşağı büdcəmizlə 70-80 uşaq akademiyada qalırdı. Düzdür, AFFA da bir az dəstək oldu. Yaxşı vaxtlarda isə bu say həmişə 100-ü keçirdi. Hər uşağın gündəlik 3-4 dəfə yemək yediyini nəzərə alsaq, bunu 100 nəfərə və 11 aya vursaq, ümumi xərclərin 1 milyona yaxın olduğunu deyə bilərik. Bu məbləği də tapa bilmədiyimizə görə, akademiyanın fəaliyyətini dayandırdıq. Çünki həm də əsas komandaya mənfi təsir edə bilərdi.
– Bəs başqa rayonlardan “Qəbələ” akademiyasına gələn uşaqların aqibəti necə oldu?
– Çox yaxşı və istedadlı uşaqlar idi. Bəzilərini icarəyə verdik, bəzilərini müəyyən şərtlər qarşılığında buraxdıq. Pulsuz buraxdıq ki, gedib oynasınlar, amma əsas komandaya yüksəlsələr, “Qəbələ” bundan müəyyən məbləğ qazanacaq. “Qarabağ”a, “Neftçi”yə, “Sabah”a gedənlər oldu.
– Tale Heydərovla əlaqələriniz necədir?
– Şəxsi münasibətim yoxdur. Səhv etmirəmsə, “Qəbələ”nin fəxri prezidenti postunu tutur. Klubun prezidenti Fariz Nəcəfovdur və bütün işləri onunla birgə görürük.
– Yeni sponsorlar cəlb etmək məsələsində vəziyyət nə yerdədir?
– Çox çətindir. Hazırda 1-2 sponsor var: “Kəhriz Su”, SAB. Amma bu, futbol klubu üçün çox azdır. Bizim ölkədə reklam bazarı təkcə futbolda deyil, həmçinin digər idman növləri və sahələrdə böyük problemdir. Baxmayaraq ki, 2026-cı ildir, Avropa və ya Türkiyədəki kimi hələ də tam formalaşmayıb. Təkcə bizə yox, bütün klublara çətindir.

– Fariz müəllim hər gün “Qəbələ”yə diqqət ayırır?
– Bəli, onun iş yeridir. Gəlib maraqlanır, hər gün hesabat tələb edir. Oyundan sonra tez-tez onun qanının qaraldığını görmək çox pisdir. İnsan özünü günahkar hesab edir. Fariz müəllim uzun illərdir “Qəbələ”nin prezidentidir. Klubun ən yaxşı və ən pis vəziyyətini görüb. “Qəbələ”ni indiki halda görmək onun üçün də çox ağırdır. Akademiyanın bağlanmasında da ən çox məyus olanlardan biri Fariz müəllim idi. Az qala oradakı uşaqların hər birini tanıyırdı. Dövlət yardımından əlavə maliyyə tapmağımız da Fariz müəllimin zəhmətidir.
– Əvvəlki rəhbərlikdən yardım yoxdur?
– Müəyyən səviyyədə var.
– Sxadadze ilə yollarını ayırsanız, prioritetiniz yerli, yoxsa əcnəbi mütəxəssis olacaq?
– Bu barədə fikirləşməmişik.
– Sxadadze amilinə görə Gürcüstandan futbolçu gətirmək perspektiviniz var?
– Yox. Ümumiyyətlə, son illərdə Gürcüstandan Azərbaycana az oyunçu gəlir. Vaxt var idi ki, az qala hər komandamızda 2-3 gürcü oynayırdısa, indi çempionatımızda ümumən bu ölkədən 2-3 nəfər var. Çünki gürcülər Avropada çox populyarlaşıb. Onlar da perspektivə görə ora getməyə üstünlük verir. Gürcüstan çempionatında qalanlarının səviyyəsi isə bizim liqaya uyğun gəlmir. Buna görə oradan gətirəcəyimiz futbolçu yoxdur.
– “Qəbələ”nin futbolçularla imzaladığı ən uzunmüddətli müqavilələr neçə illikdir? Sözləşməsi olan hansısa oyunçular üçün yaxşı təkliflər var?
– 1 illik də, 3 illik də var. Təkliflər var, maraqlananlar çoxdur. Qərar verməyə tələsmirik, mövsümün sonunu gözləyirik. Fəaliyyətimizi elə bu istiqamətdə qurmuşuq. Avrokuboklara vəsiqə qazana bilmirik, əvəzində futbolçu gətirmək və satıb oradan pul qazanmaq bizə daha uyğun gəlir. Bu, bizə büdcənin bir hissəsini doldurmağa imkan verəcək. Demək olar, xaricə böyük məbləğ müqabilində oyunçu satmamışıq. Yerli çempionatda bir neçə dəfə olub. Akademiyanın uşaqlarını “Qarabağ”, “Zirə”, “Neftçi”yə satmışıq. Ən son Emil Səfərovun “Neftçi”yə transferini misal çəkə bilərəm. Amma orada məbləğlər elə də yüksək deyildi. Hazırda bəzi oyunçularımıza görə yaxşı pul təklif edən klublar var, lakin biz hələlik gözləyirik.
TAHİR MİRZƏ







