“Şamaxı”nın qapıçısı Abdulla Seydəhmədovun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 28-ci turunda “Karvan-Yevlax”a 0:1 hesabı ilə uduzdunuz. Autsayderə məğlubiyyətin səbəbini nədə görürsünüz?
– Oyunun çətin keçəcəyini bilirdik. Çünki “Karvan-Yevlax” I Liqaya düşməmək üçün mübarizə aparır. Belə də oldu. Ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra rəqib normal olaraq müdafiəyə çəkildi, qapandı. Nəticədə geridönüş etməyimiz mümkün olmadı.
– Fərdi baxımdan bu mövsüm Premyer Liqada ilk oyununuzu keçirdiniz. Həyəcan var idi? Öz çıxışınızı necə qiymətləndirirsiniz?
– Kubokda iştirak etsəm də, çempionatda bu mövsüm ilk oyunum idi. Amma heç bir həyəcan yox idi.
– Rikardo Fernandes hazırda Azərbaycan çempionatında çıxış edən ən güclü qapıçılardan sayılır. Onunla rəqabət aparmaq çətin olduğu qədər, məşqlərdə ondan görüb-götürmək də yaxşı imkan sayılmalıdır. Elə deyilmi?
– Bəli, elədir. Həqiqətən də Rikardo çempionatımızın ən yaxşı qapıçılarındandır. Əlbəttə ki, geridə qalan müddətdə ondan çox şey öyrənmişəm.
– Növbəti turda “Kəpəz”i qəbul edəcəksiniz. Bu mövsüm Gəncə klubu ilə aranızdakı oyunlarda bir dəfə rəqib qələbə qazanıb, bir dəfə siz. Budəfəki oyundan gözləntiniz nədir?
– Bizi çox çətin oyun gözləyir. Bəli, cari mövsümdə keçirdiyimiz oyunlarda hələlik ümumi hesabda bərabərlik var. Əlimizdən gələni edəcəyik ki, qalib gələk.
– Baş məşqçiniz Ayxan Abbasovun cari mövsümün sonunda “Şamaxı”dan ayrılacağını nəzərə alsaq, komanda növbəti sezonda problem yaşaya bilərmi?
– Ayxan məllim gözəl kollektiv qurmuşdu və “Şamaxı”da çox yaxşı işlər gördü. Təbii ki, gedişinin komandaya mənfi təsiri olacaq.
– “Şamaxı” ilə müqaviləniz mövsümün sonuna qədərdir. Rəhbərlik sizə yeni sözləşmə təklif edib? Qalacaqsınız, yoxsa yayda “Şamaxı”dan ayrılmaq variantı var?
– Düz qeyd etdiniz, “Şamaxı” ilə sözləşməmin müddəti mövsümün sonunda bitəcək. Bu haqda rəhbərliklə hələ danışığımız olmayıb. Necə olacağını zaman göstərəcək.
CAVAD






