Ağdam şəhərində yeni “İmarət” stadionunun tikintisinə başlanılıb.
Futbolinfo.az xəbər verir ki, bu haqda İctimai Televiziyada yayımlanan reportajda bildirilib.
İşin gedişatı barədə məlumat verən Gənclər və İdman Nazirliyinin şöbə rəisi Elmir Mehdiyev deyib ki, hazırda stadionun təməl hissəsində torpaq işlərinin icrası həyata keçirilir:
“Paralel olaraq dəmir-beton konstruksiyaları üzrə də işlərin icrasına başlanılıb. Bu stadionun əsas oyun meydançasından əlavə ərazisində bir dənə də məşq meydançası olacaq. Eyni zamanda, stadion Ağdam şəhər əhalisi üçün park funksiyasını da həyata keçirəcək”.
“İmarət”də tikinti işlərinin 2028-ci ildə yekunlaşması gözlənilir.
“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.






