“Yaxşı mövsüm keçirirəm və daha yaxşı olacağıma inanıram. Bu da təkliflərin artmasına səbəb olur. Hazırda əsas məqsədim “Partizani” ilə avrokuboklara vəsiqə qazanmaqdır və bütün diqqətimi buna yönəltmişəm. Karyeramı hansı klubda davam etdirəcəyimə isə mövsüm bitdikdən sonra qərar verəcəyəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin və Albaniyanın “Partizani” klubunun futbolçusu Vüsal İsgəndərli deyib.

Son vaxtlar Albaniyada çıxışı ilə diqqət çəkən 31 yaşlı yarımmüdafiəçi təkliflərin artdığını qeyd edib: “Rəsmi  təkliflər daha çox qışda idi. Hazırda da davam edir. Lakin menecerlərimlə bu barədə çox danışmıram. Onlar başa düşür ki, hazırda əsas diqqətim oyunlara yönəlməlidir, buna görə detallı danışıq aparmırıq. Qazaxıstan, Albaniya, Türkiyə və Azərbaycandan maraq var. Karyeram üçün ən doğru seçimi etmək istəyirəm. Mövsümün sonuna yaxın hər şeyi daha geniş müzakirə edib ən uyğun variantı seçəcəyəm”.

Qeyd edək ki, Vüsal İsgəndərli cari mövsümdə “Partizani”nin heyətində 28 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun komandası hazırda 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Shares: