“Futbolçularımı təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər və vacib üç xal qazandıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 29-cu turunda “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bildirib. Mütəxəssis start heyəti seçimi və tətbiq edilən rotasiyaların səbəbini oyunçuların yorğunluğu və sıx qrafik ilə əlaqələndirib:

“Futbolçuların hazırlığına görə bu addımı atdım. Futbolçular sıx qrafikdə oynayırdılar. Bəzi oyunçuların yorğunçuluğu çox idi. Ona görə bəzi rotasiyalar etdik. Futbolçular yaxşı məşq edirdilər, hazırlaşırdılar. Özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər”.

Baş məşqçi “Neftçi”yə qarşı oyunların xüsusi motivasiya tələb etmədiyini vurğulayaraq böyükhesablı qələbədən sonra komandanı növbəti matçlara kökləməyin daha çətin olacağını diqqətə çatdırıb:

“Hazırlaşmağa bir o qədər vaxtımız da olmadı. Komanda şəklində bir məşqimiz oldu. “Neftçi”yə qarşı oynayırıqsa, futbolçulara çox motivasiya vermək lazım olmur. Bu oyunları oynamaq xoşdur. Azarkeşlər üçün də yaxşı oyun alınır. Önəmli məqam bundan sonrakı oyundur. Komandanı ona düzgün hazırlaşdırmağa çalışacağıq. Böyük hesablı qələbə futbolçuları arxayınlaşdıra bilər. Bu oyuna hazırlaşmaq daha çətin olacaq”.

Shares: