“Ayaks” rəhbərliyi “Liverpul”un baş məşqçisi Arne Slotla ilkin danışıqlar aparıb. Amsterdamlılar cari mövsümün sonunda İngiltərə klubundan ayrılacağı təqdirdə 47 yaşlı mütəxəssisi baş məşqçi təyin etməkdə maraqlıdır.
Slotun klubdan ayrılması ilə bağlı rəsmi açıqlama verilməyib, lakin növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, “qırmızılar”ın rəhbərliyi niderlandlı ilə yolları ayırmaq qərarına gələ bilər.
Hazırda “Ayaks”ı əvvəllər klubun gənclər komandasında işləmiş Oskar Qarsiya çalışdırır. Lakin rəhbərlik onun təyinatını müvəqqəti sayır.
Slotun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Premyer Liqada 35 oyundan sonra “mersisaydlılar” 58 xalla turnir cədvəlində dördüncü yerdə qərarlaşıblar.






