“Şəfa” Premyer Liqadakı ilk mövsümünə yeni baş məşqçi ilə başlayacaq. Rəhbərlik hazırda I Liqanın lideri olan və elitaya vəsiqəni tezliklə rəsmiləşdirəcək komandanı daha təcrübəli birinə tapşırmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu əcnəbi çalışdırıcı axtarmır. Klub strategiyası olaraq yalnız yerlilərə güvənməyi lazım bilən, legionerlərdən tamamilə imtina edən rəhbərlik məşqçi ilə bağlı da eyni addımı atacaq.

Hazırkı baş məşqçi Elgiz Kərəmlini Premyer Liqa üçün hazır saymayan rəhbərlik onunla mövsümün sonunda bitəcək müqaviləni yeniləməyəcək. Gənc çalışdırıcı postunda qalmaq istəsə də, klubu kənardan idarə edən “Araz-Naxşıvan”ın köməkçi-məşqçisi Əfran İsmayılov buna qarşıdır. O, dostluq münasibətində olduğu rəhbərliyi inandırıb ki, daha təcrübəli məşqçinin təyinatına ehtiyac var.

Artıq “Şəfa” bir neçə məşqçi ilə danışıqlara cəhd edib. Kərəmli postunda ikən danışıqları etik saymayanlar da olub, şərtləri müzakirə edənlər də. Lakin yekun qərar mövsüm bitdikdən sonra veriləcək.

Shares: