“Turan”ın sabiq baş məşqçisi Naci Şensoyun futbolinfo.az saytına müsahibəsi

– “Turan Tovuz” çempionatda 3-cü yeri tutaraq avrokuboklara vəsiqə qazandı. Keçmiş komandanızın bu uğurunu necə dəyərləndirirsiniz?

– Bu, “Turan Tovuz” azarkeşlərinin uzun illərdir həsrətində olduğu bir uğur idi. Bu münasibətlə komandanı təbrik etmək lazımdır. Ancaq hər kəsin bilməli olduğu bir məqam var: “Turan Tovuz” sevərlərin idealı hər zaman çempionluq olub. Ümid edirəm ki, bu uğur gələcək illərdə komandanın çempionluğa gedən yolunu da açacaq.

– Bildiyiniz kimi, “Turan” Azərbaycanın avrokuboklarda çıxış edən ilk komandası olub. 32 ildən sonra yenidən Avropa arenasına çıxan Tovuz təmsilçisindən Konfrans Liqasında hansı performansı gözləyirsiniz?

– Düzdür, “Turan Tovuz” Vidadi Əhmədovun rəhbərliyi dövründə, yəni 1994-cü ildə olduğu kimi çempion olmadı. Lakin 32 ildən sonra yenidən avrokuboklarda iştirak hüququ qazana bildi. “Turan Tovuz”un bu uğuru səbir və məşqçilər heyətinə göstərilən etimadın nəticəsidir. Xüsusilə, klub rəhbərliyini təbrik etmək istəyirəm. Xatırlayırsınızsa, ötən mövsüm tovuzlu azarkeşlər, demək olar ki, ümidlərini itirmişdilər. Buna görə də məşqçilər heyətindən narazı idilər və dəyişiklik tələb edirdilər. Amma klub rəhbərliyi daha rasional qərar verdi, məşqçilər heyətinə səbir və etimad göstərdi. Nəticədə isə uğur gəldi.

– Uğur qazanmaq üçün nə etmək lazımdır?

– “Turan Tovuz”un avrokuboklardakı uğuru hər şeydən əvvəl qurulacaq heyətlə bağlı olacaq. Bildiyiniz kimi, futbolda pul hər şey demək deyil, amma çox şeyi ifadə edir. Bu baxımdan iki nümunə göstərə bilərəm: “Fənərbağça” və “Qarabağ”. “Qarabağ” “Fənərbağça”dan təxminən 10 dəfə az büdcə ilə Çempionlar Liqasına vəsiqə qazandı, “Fənərbağça” isə Avropa Liqasında iştirak etdi. Deməli, uğur təkcə pulla əldə olunmur. Amma etiraf etmək lazımdır ki, maliyyə olmadan da bu iş çətindir. Buna görə də “Turan Tovuz”un avrokuboklardakı nəticəsi aparılacaq seleksiya və qurulacaq heyətlə birbaşa bağlı olacaq. Bu məsələdə klub rəhbərliyi və təcrübəli baş məşqçi Kurban Berdıyev “Turan Tovuz” üçün böyük şansdır. İnanıram ki, onlar minimum büdcə ilə daha uğurlu komanda qura bilərlər.

– “Turan Tovuz”un hazırkı heyətində ən çox bəyəndiyiniz futbolçular kimlərdir?

– Bu il Albaniyanın “Laçi” klubunda çalışdım və komandamız məğlubiyyətsiz şəkildə çempion olaraq yüksək liqaya yüksəldi. Buna görə də “Turan Tovuz”un oyunlarını kifayət qədər detallı və peşəkar şəkildə izləyə bilmədim. Bu səbəbdən hazırkı heyət barədə konkret fikir bildirməyim doğru olmazdı.

– Sizcə, növbəti mövsümdə “Turan Tovuz” Azərbaycan çempionluğu uğrunda mübarizə apara bilərmi? Komandanın bunun üçün yetərli gücü var?

– Yaxşı sualdır. “Turan”ın əsas hədəfi hər zaman çempionluq olub. Bu istiqamətdə ilk addımlar artıq atılıb. İndi isə çox hörmət etdiyim Vidadi Əhmədovun 1994-cü ildə qazandığı çempionluğu yenidən təkrarlamaq klub rəhbərliyinin əsas məqsədi olmalıdır. Əsl “Turan”sevərə də məhz bu düşüncə yaraşar. Bu asan olacaqmı? Əlbəttə ki, yox. Çünki “Qarabağ” ilə yanaşı, indi “Sabah” da ciddi rəqabətə qoşulub. Bundan başqa, “Neftçi”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi komandalar da var. Göründüyü kimi, rəqabət xeyli artıb. Bu isə Azərbaycan futbolunun inkişafı üçün müsbət haldır. Çünki rəqabət olmayan yerdə inkişafdan danışmaq mümkün deyil. Ümid edirəm ki, “Turan Tovuz” atacağı rasional addımlarla daha da güclənəcək və yaxın gələcəkdə çempion olacaq.

– Azərbaycandan təkliflər alırsınız? Gələcəkdə yenidən ölkəmizdə çalışmaq istərdinizmi?

– Dediyim kimi, hazırda Albaniyanın köklü və daim avrokuboklarda iştirak etmiş “Laçi” klubundayam. Noyabr ayında komandaya qoşuldum. Məndən əvvəl burada ispan və italyan məşqçi fəaliyyət göstərmişdi. Həmin vaxt lider olan “Skenderbeu” bizdən 11 xal öndə idi. Mövsümün sonunda rəqibimizi səfərdə məğlub etdik və liqanı məğlubiyyətsiz, çempion kimi başa vurduq. Bu uğur bütün Balkan ölkələrində böyük rezonans doğurdu. Mən peşəkar məşqçiyəm. İndiyədək Türkiyə, Azərbaycan, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Şimali Makedoniya, Serbiya və Kosovo daxil olmaqla, fərqli ölkələrdə çalışmışam. 2016/17 mövsümündə Şimali Makedoniya Kubokunu qazanmışam. Bundan başqa, 2012/13 mövsümündə Bolqarıstan Kubokunun, 2011/12 mövsümündə isə Albaniya Kubokunun finalında iştirak etmişəm. Bu səbəbdən peşəkar məşqçi kimi bütün təkliflərə açığam. Azərbaycan isə mənim ikinci vətənimdir. Buna görə də Azərbaycandan gələcək təkliflərə daha açıq olacağımı və beynəlxalq təcrübəmin Azərbaycan futbolunun inkişafına böyük töhfə verəcəyini xüsusi vurğulamaq istəyirəm.

ABBAS

Shares: