Yunanıstanın “Aris” klubunun futbolçusu Uroş Raçiçin karyerasını Azərbaycanda davam etdirmək variantı olub.

Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Serbiya millisinin yarımmüdafiəçisi Misli Premyer Liqasında adı açıqlanmayan bir klubun maraq dairəsində olub. 28 yaşlı orta sahə oyunçusu həmçinin Avropanın başqa bir neçə ölkəsindən, eləcə də Səudiyyə Ərəbistanından təklif alıb.

Əslində, Raçiçin mövsümün sonunda “Aris”dən ayrılması gözlənilirdi. Çünki futbolçu martdan sonra əsas heyətdəki yerini itirmişdi. Buna baxmayaraq, çox keçmədən əvvəlki formasını bərpa edən yarımmüdafiəçi əsas heyətdəki yerini qaytarıb. Nəticədə o, “Aris”də qalmağı üstün tutub.

Raçiç ölkəsinin mətbuatına açıqlamasında isə “Aris”i yalnız “böyük beşlik” ölkələrindəki komandalardan birinə dəyişə biləcəyini söyləyib.

Qeyd edək ki, Uroş Raçiçin “Aris”lə müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.

Shares: