Azərbaycanın idman gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirini 16 medalla başa vurublar.
Futbolinfo.az xəbər verir ki, idmançılar gənclər və böyüklər yaş kateqoriyalarında çıxış ediblər.
Ölkəmizi bu turnirdə qadınlar arasında böyüklər yaş kateqoriyasında Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova və Xədicə Abbaszadə, gənclər arasında Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı, kişilər arasında isə böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə, Aydın Əlizadə və Nikita Simonov, gənclər arasında isə Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə təmsil ediblər.
Turnirin ilk günündə gənclər yaş kateqoriyası üzrə gimnastlar komanda hesabı və çoxnövçülük proqramı üzrə mükafatlandırılıblar. Həm qadın, həm də kişi gimnastlarımız komanda hesabında bürünc medal qazanıblar. Fərdi çoxnövçülük proqramında isə qadınlar arasında Leyla Məmmədzadə bürünc medalın sahibi olub.
İkinci gündə böyüklər yaş kateqoriyasındakı gimnastlar çoxnövçülük üzrə çıxışlarını nümayiş etdiriblər. Çoxnövçülük üzrə mükafatlandırmada kişilər arasında Rəsul Əhmədzadə qızıl medal, qadınlar arasında isə Xədicə Abbaszadə bürünc medal əldə edib.
Yarışın sonuncu günü final həyəcanı ilə yadda qalıb. Gənclər və böyüklər yaş kateqoriyalarında gimnastlar ayrı-ayrı alətlər üzrə final çıxışlarını tamamlayıblar. Gimnastlarımız finalda uğur əldə ediblər.
Gənclər yaş kateqoriyasında İlham Salayev sərbəst hərəkətlər proqramında bürünc medal qazanıb. Leyla Məmmədzadə isə dayaqlı tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlər proqramında üç bürünc medala sahib olub.
Böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə gimnastika atı və turnikdə qızıl, Dəniz Əliyeva dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda gümüş, Nikita Simonov halqalarda qızıl, Nazənin Teymurova gimnastika tirində qızıl, Aydın Əlizadə paralel qollarda bürünc, Xədicə Abbaszadə isə dayaqlı tullanmada bürünc medal qazanıblar.
Milli Gimnastika Arenasında, mayın 14-də startı verilən və bu gün başa çatan turnirdə 5 ölkədən 50-yə yaxın gimnast iştirak edib.





