İyunun 9-da Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək San-Marino millisinin müdafiəçisi Mikele Çevolinin futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan milli komandası ilə oyuna hazırsınız? Sizcə, komandanız millimizi məğlub edə biləcək?
– Düşünürəm ki, komandamız qarşıdakı iki yoldaşlıq görüşünə – Banqladeş və Azərbaycanla oyunlara hazırdır. Hazırda əsas diqqətimizi ilk növbədə Banqladeşlə matça yönəltsək də, fikrimcə, Azərbaycanla görüşdə də yaxşı çıxış etmək üçün lazımi keyfiyyətlərə sahibik.
– Azərbaycanla son oyunda 1:5 hesabı ilə məğlub olmusunuz. Lakin San-Marino indi daha yaxşı vəziyyətdədir. Bu dəfə rəqibinizi məğlub edə biləcəyinizi düşünürsünüz?
– Mən həmin son oyunda (1:5) iştirak etmişdim. O vaxt çox güclü komandaya uduzsaq da, xatırlayıram ki, kifayət qədər yaxşı oynamışdıq – bir neçə qol imkanı yaratmış və bir dəfə fərqlənmişdik. Çətin oyun gözləyirəm və Azərbaycanın oyun planını pozmaq üçün əlimizdən gələni edəcəyik. Razıyam ki, son bir neçə illə müqayisədə hazırda həm nəticələr, həm də oyun baxımından daha müsbət dövr keçiririk. Buna görə də əvvəlki görüşlə müqayisədə daha yaxşı nəticə qazanmağa çalışacağıq.
– Azərbaycan millisindən hansısa futbolçuları tanıyırsınız? Ümumiyyətlə, bu komanda haqqında hansı məlumatlara maliksiniz?
– Azərbaycan millisinin taktikasını və oyun üslubunu şənbə günündən etibarən təhlil etməyə başlayacağıq. Hazırda isə bütün diqqətimizi Banqladeşlə oyuna ən yaxşı şəkildə hazırlaşmağa yönəltmişik. Daha sonra Azərbaycanın həm fərdi, həm də komanda keyfiyyətlərini öyrənmək üçün kifayət qədər vaxt ayıracağıq.
– Azərbaycan futbolu haqqında nəsə bilirsiniz? İndiyədək izləmisiniz?
– Düzünü desəm, Azərbaycanın yerli futbolu haqqında çox məlumatım yoxdur. Ancaq UEFA klub turnirlərində Azərbaycan təmsilçilərinin iştirak etdiyi bir neçə oyunu izləmək imkanım olub və həmin matçlarda Azərbaycan klubları kifayət qədər yüksək səviyyəli futbol nümayiş etdiriblər.
– Görüş Macarıstanda keçiriləcək. Neytral meydanda oynamaq sizin üçün hansısa xüsusi əhəmiyyət daşıyır?
– Neytral meydanda oynamaq müəyyən mənada bizim üçün kiçik üstünlük sayıla bilər. Çünki Azərbaycanda oynasaq, azarkeşlərin güclü dəstəyi oyunun gedişinə təsir göstərə bilərdi. Digər tərəfdən, böyük və coşğulu azarkeş kütləsinin qarşısında oynamaq hər zaman xoşdur.
CAVAD






