Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədov “Pafos”a transferinin uğurlu addım olacağını düşünür.
Futbolinfo.az xəbər verir ki, futbolçu bunu klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, ötən mövsüm komandanın oyunlarını yaxından izlədiyini söyləyib:
“Ötən mövsüm bu komandanın oyunlarını yaxından izləyirdim və mənə çox xoş gəlirdi. Bunun karyeramda uğurlu bir addım olacağını düşündüm. Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm”.
M.Məmmədov “47” nömrəli formanı seçməsinin səbəblərini açıqlayıb:
“Futbol karyerama başlayanda ilk növbədə müdafiədə çıxış edirdim və “4” nömrə altında oynayırdım. Daha sonra komandaya yeni baş məşqçi gəldi və mən vinger mövqeyində, “7” nömrə ilə oynamağa başladım, həmçinin kapitanlıq etdim. Əsas komandaya yüksələndə bu iki rəqəmi birləşdirib “47”ni seçmək qərarına gəldim. Uşaqlıq dövrümdən bəri yalnız 4 və 7 rəqəmləri altında oynamışam. Ümumiyyətlə, 7 mənim ən sevdiyim və uğur gətirən rəqəmdir”.
Qeyd edək ki, Kiprin “Pafos” klubu “Neftçi”nin yetirməsi olan 20 yaşlı Murad Məmmədovla 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.






